Azərbaycan Avrasiyanın enerji mənzərəsini necə dəyişir? – İlham Şabanın ŞƏRHİ

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Yola saldığımız həftə enerji bazarlarında neft və qaz qiymətlərinin dinamikasında enmə və qalxmalarla yadda qaldı. Çünki yenə də siyasi amillərin qlobal bazarlara təsiri özünü göstərməkdədir.

Qlobal bazarlar

Həftə əvvəli 89 dollardan baha satılan Brent markalı neft çox keçmədi ki, dünyanın bir sıra ölkələrində Əmək bayramı kimi Həmkarlar təşkilatları tərəfindən qeyd edilən 1 May günündə 83 dollara qədər ucuzlaşdı. Bunun səbəbi isə İsraillə Fələstin arasında sülhün əldə edilməsinə olan ümidlərdən doğurdu: müharibənin başa çatdığı təqdirdə bazara təsiri olan risk dərəcələri də azalmalıdır.  

Ona görə də neft qiymətləri Yaxın Şərqdə atəşkəs gözləntiləri və dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-da neft ehtiyatlarının ilin əvvəli ilə müqayisədə gündəlik olaraq 500 min barel artması fonunda ucuzlaşma nümayiş etdirdi.

Qaz qiymətlərinə gəldikdə isə, aprelin yekunu olaraq Avropada orta qiymətlər aylıq ifadədə 3 il əvvəlki səviyyəyə düşərək min kubmetr üçün 320,8 dollar təşkil edib.

London əmtəə birjasının məlumatlarına əsasən demək olar ki, ötən ilin aprel ayı ilə müqayisədə qiymətlər 32,1% azalıb - o zaman 472 dollar idi. 2022-ci ilin aprelində isə qaz 1134 dollardan baha satılmışdı. Qeyd edim ki, bu ilin birinci rübündə qazın orta qiyməti Avropa bazarında 310 dollar təşkil edib ki, bu da 2021-ci ilin yazındakı səviyyəyə uyğundur.  

Xəzər dibi enerji layihəsi

Həftənin ən səs-küylü enerji xəbəri Xəzərin o tayından gəldi. Söhbət ötən ildən asta-asta danışılan Transxəzər yüksək gərginlikli kabel xəttindən gedir.

Mayın 1-i onun reallaşması yolunda ilk sənədin imzalanması ilə enerji tariximizə düşəcək. Özü də təkcə bizim yox, Türk Dövlətləri Təşkilatının enerji tarixinə də. Çünki geosiyasi fırtınaların gözləndiyi bir zamanda Avropanın enerji mənzərəsinə təsirsiz ötüşməyəcək bir layihə gündəmə gəlir.

Daşkənd Beynəlxalq İnvestisiya Forumunda Qazaxıstan, Azərbaycan və Özbəkistanın energetika və iqtisadiyyat nazirləri respublikaların enerji sistemlərinin qarşılıqlı əlaqəsi üzrə Əməkdaşlıq Memorandumu imzaladılar.

Sənəddə nəzərdə tutulur ki, iştirakçılar Xəzər dənizinin dibi ilə yüksək gərginlikli kabel xətti çəkməklə enerji sistemlərinin birləşdirilməsi imkanlarını araşdıracaqlar. Bu layihə Avropanın enerji mənbələrini şaxələndirməklə yanaşı, həm də iştirakçı ölkələr arasında iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açmış olacaq.

Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev imzalanmış sənədi şərh edərkən qeyd edib ki, bundan sonra texniki tapşırığın bir hissəsi kimi beynəlxalq enerji nəqletmə dəhlizlərinin inkişafı və yaşıl enerjinin Avropa İttifaqı ölkələrinə satışı üçün maliyyələşdirmə, gəlir axını və mülkiyyət məsələləri də daxil olmaqla, bir biznes modeli hazırlanacaq.

Azərbaycan Energetika Nazirliyinin açıqlamasında isə qeyd olunur ki, imzalanan sənədin icrası “yaşıl” enerjinin istehsalı və Azərbaycan ərazisi vasitəsilə Avropa bazarına çatdırılması, enerji sistemlərinin inteqrasiyası və bərpaolunan resurslardan səmərəli istifadənin təşkili istiqamətində birgə hədəflərin həyata keçirilməsinə təkan verəcək.                 

Həmçinin bildirilir ki, gələcəkdə Xəzər dənizi - Qara dəniz - Avropa enerji dəhlizinin yaradılması iştirakçı ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək, energetika sistemləri və iqtisadiyyatları arasında qarşılıqlı əlaqələri möhkəmləndirəcək.   

Memoranduma əsasən 3 ölkənin enerji sistemlərinin birləşdirilməsi üzrə layihə ilə bağlı Katibliyin funksiyalarının yerinə yetirilməsi Azərbaycan Respublikasının Energetika nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə həvalə olunub. Necə deyərlər, bu layihənin təşəbbüskarı kimi Azərbaycan çıxış etmişdi və onun beynəlxalq səviyyəli infrastruktur layihələrinin icrasındakı geniş təcrübəsi nəzərə alınaraq Xəzərin dibi ilə çəkilməsi planlaşdırılan layihəyə nəzarət etməsi də anlaşılandır.

Onu əlavə etmək istərdim ki, iri layihələr, özü də bir sıra manelərin dəf edilməsi ilə həyata keçirilən layihələr, xüsusən də infrastruktur layihələri tərəfdaş ölkələr arasında sıx münasibətlərin, bir-birinə inam və qarşılıqlı hörmət şəraitinin bərqərar olduğu şəraitdə reallaşa bilər. Əks təqdirdə uzağa getmək istəmirəm, elə Xəzərin o tayındakı qohum-qonşumuz Türkmənistanın artıq 10 ildir ki, reallaşdırmaq istədiyi və bu gün də yerində sayan TAPİ layihəsini, yəni türkmən qazının Əfqənıstan və Pakistandan keçməklə Hindistan bazarına çatdırılmasını nəzərdə tutan qaz kəmərini misal göstərmək istəyirəm.

Bizim qol qoyduğumuz layihələr isə tam başqadır. Siyasi müstəvidən tutmuş geniş spektrdə iqtisadi əməkdaşlığa qədər qarşılıqlı anlaşması olan ölkələrlə iş görürük. Elə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Daşkənd İnvestisiya Forumuna gələn Azərbaycan nümayəndə heyətini başda iqtisadiyyat naziri Mikayıl Cabbarov olmaqla şəxsən qəbul etməsi Azərbaycana göstərilən hörmətin, səmimiliyin, diqqət və qayğının tərənnümüdür ki, bu da nəhəng layihələrin reallaşması yolunda çox mühüm amildir.     

Qitələrarası enerji layihəsi

Bu layihə gerçəkləşən zaman onun masştabını təsəvvür edirsinizmi? Başlanğıcı Özbəkistandan olmaqla, Qazaxıstan çöllərini keçərək Xəzərin dibinə enərək Bakıda yerin üzünə çıxan və daha sonra Gürcüstana, Qara dənizin 2200 metr dərinliyinə enərək Rumıniyada Avropa Birliyinin ərazisinə daxil olan və Macarıstana yetişəcək bir enerji layihəsi. Macarıstanda bitir demirəm, çünki Cənub Qaz Dəhlizinin praktikasından çıxış edərək deyə bilərəm ki, infrastruktur hazır olanda onun gətirdiyi malın alıcıları da çoxalır.

İlkin olaraq isə bu yaşıl enerji mənbəyini Türk Dövlətləri Təşkilatının bir üzvündən götürərək iki üzvünün ərazisindən tranzitlə keçərək o biri başında Təşkilatın Avropada hələ ki, müşahidəçi qismində olan ölkəsinə İŞIQ verəcək.

Layihə nədən başladı?

Bir anlıq geriyə qayıdaq, 2022-ci ilin 17 dekabrına. Buxarestdə Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan “yaşıl” enerji dəhlizi layihəsinin yaradılması elan edilən günə.

Tədbirin əhəmiyyətini nəzərə alaraq Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen də mərasimə qatılıb. Tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev “yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin icrasının Avropanın enerji təhlükəsizliyinə veriləcək ümumi töhfə” adlandırır. Bir müddət sonra isə məlum olur ki, yeni yaradılacaq enerji infrastrukturunun 1000 MVt enerji ötürməsini düşünən Avropa İttifaqına Azərbaycan Prezidenti onun buraxıcılıq gücünün 4-5 dəfə artırılmasını təklif edib. Axı niyə? Azərbaycanda bu qədər ixrac üçün imkan varmı? Onun cavabı birdən verilmədi, amma aydın idi ki, cənab İlham Əliyev perspektivdə nəyisə hədəfləyib.

Və təqribən bir il sonra...

2023-cü ilin 14 noyabrında Bakıda Azərbaycan, Qazaxıstan, Özbəkistanın energetika və iqtisadiyyat nazirləri ilk dəfə Xəzərin o tayından Bakıya elektrik enerjisinin çatdırılması imkanlarını müzakirə edirlər. Və indi əminliklə demək olar ki, rəsmi Bakının atdığı qətiyyətli addımlar Xəzərin o tayındakı tərəfdaşlarımızın da diqqətindən yayınmadı. Daşkənddə ilk sənədin imzalanması da Azərbaycan Prezidentinin hələ xeyli əvvəl göz altına aldığı qitələrarası enerji layihəsi idi, elə bir layihə ki, işıq sürəti ilə Mərkəzi Asiyadan Avropaya enerji nəqlini gerçək edə bilsin.

Azərbaycanın etdiyi təklif o qədər cəlbedicidir ki, onu qəbul etməmək mümkün deyildi. Təsəvvür edin ki, Azərbaycan da, Qazaxıstan da, Özbəkistan da qaz hasil edən ölkələrdir. Bizim qlobal bazarlara çıxışımız daha asandır, nəinki Xəzərin o tayından. İkincisi, Avropa özü üçün qəti qərar qəbul edib ki, o özünün gələcəyini ənənəvi enerjidə görmür. Artıq yeddi Avropa ölkəsi 2035-ci ildən elektriki ancaq yaşıl enerjidən almaq qərarına gəldiyini açıqlayıb. Bunlar Avropa İttifaqı  üzvləri olan Avstriya, Belçika, Fransa, Almaniya, Lüksemburq və Niderland, o cümlədən Aİ üzvü olmayan İsveçrədir. Demək, tədricən bu ölkələrin sayı artacaq. Elə buna görə də Azərbaycan indidən Avropanın sonrakı mərhələyə keçəcəyi enerji bazarına baxır. Özü də bu bazarın aktiv oyunçusu olmaq arzusundadır.    

Buna görə də artıq yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetinə çevrilib. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

Ölkəmizdə ümumi yaşıl enerji potensialı 200 qiqavat gücündə dəyərləndirilir. Dənizdə külək enerjisinin potensialı 157 qiqavat, quruda külək və günəş enerjisinin potensialı 30 qiqavata, Vətən müharibəsi zamanı işğaldan azad etdiyimiz torpaqlarda isə yaşıl enerji potensialı 10 qiqavata yaxındır.

Bəs Xəzərin o tayında yaşıl enerji ilə bağlı vəziyyət nə yerdədir? Qazaxıstan və Özbəkistanın potensialı yaşıl enerjinin stabil ixracına imkan verəcəkmi?

“Yaşıl enerji” istehsalının lideri

Onu deyim ki, Qazaxıstanın yaşıl enerji sahəsində bu günədək əldə etdiyi uğurlara ancaq həsəd aparmaq olar. Çünki bu ölkə əldə etdiyi nailiyyətlərlə keçmiş Sovet respublikaları içərisində lider ölkəyə çevrilib.

Artıq Qazaxıstanın alternativ enerji stansiyalarının ümumi gücü 2 870 MVt təşkil edir ki, bunun da təqribən yarısı və ya 1395 MVt-ı külək elektrik stansiyalarının payına düşür. Günəş elektrik stansiyaları da kifayət qədər gücə malikdir – 1200 MVt-dan çoxdur.

Qazaxıstan Milli Statistika Bürosunun məlumatına əsasən, 2023-cü ildə ölkədə yaşıl mənbələrdən istehsal edilən elektrik enerjisinin həcmi 6,7 milyard kVt/saat təşkil edib. Bunun 57%-ə yaxını, yəni 3,8 milyard kVtsaatı külək turbinlərinin yaratdığı enerjinin payına düşüb, günəş panellərindən isə 1,9 mlrd kVtsaat elektrik enerjisi alınıb. Kiçik su elektrik stansiyaları milyard kVtsaata yaxın enerji veriblər. Qazaxıstan cəmi bir il ərzində “yaşıl enerji”dən aldığı elektrik enerjisini 30% artıra bilib.

Daşkəndin yaşıl planları

Özbəkistana gəldikdə isə, hökumət 2030-cu ilə qədər ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 25%-ə çatdırmağı hədəfləyir. 2027-ci ildək ölkədə 28 ədəd iri günəş və külək elektrik stansiyalarının tikilməsi planlaşdırırlır və bu yöndə ciddi addımlar atılır. Onların ümumi layihə gücləri 8 min MVt təşkil etməlidir. Bundan əlavə Özbəkistan elektrikin nəqletmə infrastrukturunu yaxşılaşdırmaq məqsədi ilə 944 km yüksək gərginlikli elektrik xətləri də çəkməyi planlaşdırıb.

Bu potensialı nəzərə alaraq, Azərbaycan “yaşıl enerji” istehsalçısı olan tərəfdaşları ilə birlikdə Avropanın enerji keçidinin mühərrikinə çevrilə bilərlər. Demək, Mərkəzi Asiyadan Avropaya “yaşıl enerji” ixracı layihəsi bir hekayə deyil, bu, innovasiya və gələcək iqtisadi əməkdaşlığın müəyyən edilməsi haqqında dost ölkələr arasında yaradılan tarixin yeni bir səhifəsidir.

İğdır-Naxçıvan kəməri

Türkiyə və Azərbaycanın Hesablama Palataları arasında İğdır-Naxçıvan qaz kəmərinin tikintisi layihəsinin auditi üzrə əməkdaşlıq haqqında protokol imzalanıb.

İğdır şəhərinin Aralık rayonundakı BOTAŞ şirkətinin nasos stansiyasında Türkiyə Hesablama Palatasının sədri Metin Yener və Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, bu təşəbbüsün beynəlxalq audit standartları çərçivəsində iki ölkə arasında inşa edilən magistral qaz kəmərində tətbiq etməyə imkan verəcək. Qeyd edək ki, 97,5 km-lik kəmərin təməli ötən ilin 25 sentyabrında qoyulub və onun istismara verilməsi bu ilin sonuna planlaşdırılır. 

“Şimal” İES-nın təmiri

Bu həftə “AzərEnerji” ASC ölkənin ikinci böyük elektrik stansiyası olan, Bakının Şüvəlan qəsəbəsində yerləşən 800 meqavatlıq “Şimal” Elektrik Stansiyasında təmir işlərinə başlayıb. Qeyd edək ki, bu stansiya 57% faydalı iş əmsalına görə Cənubi Qafqaz regionunda ilk yerdə qərarlaşıb.

Yeni texnologiyaların və rəqəmsal avadanlıqların tətbiqi nəticəsində stansiyanın səmərəliliyini artırmaq və Abşeron yarımadasının enerji təminatını daha da yaxşılaşdırılması nəzərdə tutulub. Nəticədə əvvəllər hər kilovat-saata görə 220-222 qram şərti yanacaq sərf edilirdisə, sonradan bu rəqəm 215 qrama qədər azalacaq və təbii qaza qənaət ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dövlət başçısı: “Ukrayna, Moldova, Gürcüstan ərazisində separatçı yuvalar var”

Dövlət başçısı: “Ukrayna, Moldova, Gürcüstan ərazisində separatçı yuvalar var”

Bu yarış onlara 1 milyardan dollardan çox pul qazandıra bilər

Bu yarış onlara 1 milyardan dollardan çox pul qazandıra bilər

Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırdı - FOTO

Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırdı - FOTO

Hüseyn “Zəngəzur yallısı”na xərclədiyi məbləği açıqladı - VİDEO

Hüseyn “Zəngəzur yallısı”na xərclədiyi məbləği açıqladı - VİDEO

“Qələbəmizi qəbul etməyənlər məcbur olaraq bugünkü reallıqlarla barışmalı oldular” - Prezident

“Qələbəmizi qəbul etməyənlər məcbur olaraq bugünkü reallıqlarla barışmalı oldular” - Prezident

Bir sıra ölkələrdən Azərbaycana ət idxalına məhdudiyyət qoyuldu

Bir sıra ölkələrdən Azərbaycana ət idxalına məhdudiyyət qoyuldu

Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan TƏDBİRDƏ - FOTO

Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan TƏDBİRDƏ - FOTO

Dünya liderlərindən Prezidentin ünvanına təbriklər gəlməkdə DAVAM EDİR - YENİLƏNİB

Dünya liderlərindən Prezidentin ünvanına təbriklər gəlməkdə DAVAM EDİR - YENİLƏNİB

Moskvada "Rijski" bazarı yaxınlığında anbarlar YANIR - VİDEO

Moskvada "Rijski" bazarı yaxınlığında anbarlar YANIR - VİDEO

UEFA “Napoli”ni “Qarabağ”la oyuna görə CƏRİMƏLƏDİ

UEFA “Napoli”ni “Qarabağ”la oyuna görə CƏRİMƏLƏDİ

İlham Əliyev: "Cəmi 44 gün ərzində Ermənistanı böyrü üstə qoyduq”

İlham Əliyev: "Cəmi 44 gün ərzində Ermənistanı böyrü üstə qoyduq”

24 dekabr macərasına hazır olun - BÜRCLƏRƏ XƏBƏRDARLIQ

24 dekabr macərasına hazır olun - BÜRCLƏRƏ XƏBƏRDARLIQ

Prezident: "“Qarabağ Ermənistandır və nöqtə" deyənlər "Qarabağ Azərbaycandır!" deməyə məcbur oldular”

Prezident: "“Qarabağ Ermənistandır və nöqtə" deyənlər "Qarabağ Azərbaycandır!" deməyə məcbur oldular”

Bu şəhərdə bütün futbol matçları TƏXİRƏ SALINDI

Bu şəhərdə bütün futbol matçları TƏXİRƏ SALINDI

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirildi - FOTO

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirildi - FOTO

PA-nın Vətəndaş Qəbulu Mərkəzində 2026-cı ilin yanvar ayı üçün qəbul CƏDVƏLİ

PA-nın Vətəndaş Qəbulu Mərkəzində 2026-cı ilin yanvar ayı üçün qəbul CƏDVƏLİ

Qusarda şəhid və qazi ailələri ziyarət edildi - FOTO

Qusarda şəhid və qazi ailələri ziyarət edildi - FOTO

Zakir Həsənov Liviyaya başsağlığı verdi

Zakir Həsənov Liviyaya başsağlığı verdi

Binəli Yıldırımdan İlham Əliyevə: “Qətiyyətli mövqeyiniz bütün türk dünyası üçün qürur mənbəyidir”

Binəli Yıldırımdan İlham Əliyevə: “Qətiyyətli mövqeyiniz bütün türk dünyası üçün qürur mənbəyidir”

Paytaxt yollarında TIXAC VAR

Paytaxt yollarında TIXAC VAR

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Sadır Japarovdan İlham Əliyevə təbrik MƏKTUBU

Sadır Japarovdan İlham Əliyevə təbrik MƏKTUBU

Qubada gəlin qayınanasının başını divara çırpdı -Çay hazırlamaq DAVASI

Qubada gəlin qayınanasının başını divara çırpdı -Çay hazırlamaq DAVASI

Dövlət başçısı: “Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik”

Dövlət başçısı: “Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik”

End of content

No more pages to load

RADİO