Bir vaxtlar Avropanın yaşıl meydanlarında Türkiyə futbolunun bayrağını daşıyan kifayət qədər tanınmış simalar var idi. Arda Turan, Nuri Şahin, Hamit Altıntop, Emre Belezoğlu, Tuğay Kerimoğlu, Nihat Kahveci, Burak Yılmaz kimi "top ustaları" yaxın keçmişdə qitənin aparıcı çempionatlarında çıxış edərək qonşu ölkənin futbolunun adını böyük arenalarda tanıtmağı bacarmışdılar.
Bu gün isə həmin estafet yeni nəslə ötürülüb. Son illərdə Avropanın aparıcı klublarında özünü göstərən türk oyunçuların sayı artmaqdadır. Bu futbolçular sadəcə legioner statusu ilə kifayətlənmir, komandalarının əsas fiqurlarından birinə çevrilməyi bacarırlar.
Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Çətin tapşırığın öhdəsindən gələn Arda
Arda Güler "Real Madrid"ə keçərkən çoxları bu transferə şübhə ilə yanaşırdı.
"Fənərbağça"dakı uğurlu çıxışı ilə Avropa nəhənglərinin diqqətini çəkən yarımmüdafiəçinin müştəriləri kifayət qədər idi. O isə yekunda riskli seçim edərək "kral klubu"na üz tutdu.
Ulduzların bol olduğu Madrid təmsilçisində heyətə düşmək asan görünmürdü. İlk vaxtlar, həqiqətən də, Arda komandada möhkəmlənməkdə çətinlik çəkdi. Xüsusən, onun fiziki cəhətdən zəif olduğu barədə fikirlər səsləndirilirdi.
Üzərində səylə çalışan futbolçu zamanla bu iddiaların əsassız olduğunu sübut etdi və artıq "Real Madrid"in əsas simalarından birinə çevrilib. Bu, sadəcə söz deyil. Müasir futbolda çox şeyi rəqəmlər deyir və statistika da Ardanın madridlilərin önəmli fiqurlarından biri olduğunu sübut edir. Bu mövsüm o, 43 oyunda meydana çıxıb ki, bu da komanda üzrə ən yüksək göstəricidir.
Ardanın fiziki cəhətdən zəif olması ilə bağlı müzakirələri artıq keçmişdə qalmış hesab etmək olar. O, performansı ilə bu etimadı da doğruldub. Cud Bellinqem, Brahim Diaz kimi hücumameyilli oyunçuların yer aldığı "Real Madrid"də Arda Güler 43 oyunda 4 qol və 13 məhsuldar ötürmə ilə effektivliyini göstərib.
Xüsusən, komandanın əsas qol silahı Kilian Mbappe ilə anlaşması diqqət çəkir. Ümumilikdə 17 qolda birbaşa iştirak edən yarımmüdafiəçi bu göstəriciyə görə komandada yalnız Mbappe, Vinisius və Valverdedən geri qalır.
Bu gün artıq La Liqa tarixində bir türk futbolçunun adı xüsusi qeyd olunur. "Elçe" ilə qarşılaşmada 68 metrdən vurduğu möhtəşəm qolla Arda rekorda şərik oldu. Buna qədər çempionat tarixində ən uzaqdan vurulan qol rekordu 2004-cü ildə eyni göstərici ilə fərqlənən Antonio Xoseyə məxsus idi.

Soyadına layiq ulduz
İtaliyada forma nömrələrinə xüsusi əhəmiyyət verilir. Bir sıra klublarda bəzi nömrələr əfsanəvi futbolçuların şərəfinə əbədiləşdirilib. 7 və xüsusən 10 nömrəli formalar isə hər futbolçuya etibar edilmir. Bu gün Alessandro Del Pierodan sonra "Yuventus"un "10 nömrə"si bir türk futbolçudur - Kənan Yıldız.
Almaniyada futbolun sirlərinə yiyələnən 20 yaşlı vinger artıq Turin klubunun əsas simalarından birinə çevrilib. O, bu mövsüm 39 matçda meydana çıxıb ki, bu da komandada ən yüksək göstəricilərdən biridir. Məhsuldarlıq baxımından isə Kenan komandanın lideridir - 10 qol və 10 assist.
Ümumən komandanın oyununda aparıcı fiqur məhz odur. Turin klubunda məşqçilər dəyişir, oyun üslubu yenilənir, lakin diqqət mərkəzində qalan əsas ad yenə Kənandır. Performansı ilə soyadına tam layiq olan Yıldızı "Yuventus" azarkeşləri artıq indidən komandanın gələcək potensial əfsanələrindən biri kimi görürlər.

Gənclər üçün yaxşı nümunə
Haqqında bəhs edəcəyimiz növbəti futbolçu son illər Avropanın ən möhkəm kollektivlərindən sayılan "İnter"in əsas simalarından olan Hakan Çalhanoğludur. Çox az oyunçu karyerasını uzun illər yüksək səviyyədə davam etdirməyi bacarır. Bir çox istedadlı futbolçu məhz stabilliyin olmaması səbəbindən istədiyi zirvələrə çatmağı bacarmayıb.
Hakan bu baxımdan fərqlənənlərdəndir. Artıq 30 yaşı haqlayan yarımmüdafiəçi hələ də gənclik illərindəki kimi yüksək performans nümayiş etdirməyi bacarır. Karyerasının son 9 ilini Milanda keçirən oyunçu əvvəlcə şəhərin eyniadlı klubunda, ardınca "İnter"də uğurlu çıxışı ilə diqqət çəkməyi bacarıb.
Bu mövsüm 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalan təcrübəli yarımmüdafiəçinin karyerası və sabitliyi Arda, Kənan və digər gənc türk istedadlar üçün yaxşı nümunə sayıla bilər.

Siyahı genişdir
Türkiyənin Avropanın yaşıl meydanlarındakı uğurlu təmsilçilərinin siyahısı yalnız adlarını xüsusi qeyd etdiyimiz futbolçularla məhdudlaşmır. A Seriyası, Bundesliqa, Premyer Liqa kimi aparıcı çempionatlarda çıxış edən "ay-ulduzlu" yığma üzvlərinin sayı kifayət qədərdir.

İlk vaxtlar İngiltərə futbolunun tempinə uyğunlaşmaqda çətinlik çəkən Ferdi Kadioglu artıq "Brayton"un əsas heyət oyunçularından birinə çevrilib. Zeki Çelik isə "Roma" müdafiəsinin sütunlarından sayılır. Atakan Karazor "Ştutqart"da möhkəmlənib. Türkiyənin ən perspektivli gənc istedadlarından sayılan Can Uzun Bundesliqanın yüksələn ulduzlarındandır.
Son vaxtlar zədədən əziyyət çəksə də, "Ayntraxt"ın hücumçusu bu mövsüm 8 qolla komandasının ən məhsuldar ikinci oyunçusudur. Gənc istedadları üzə çıxarmaqda ixtisaslaşan "Portu"da isə daha bir türk futbolçu diqqət çəkməkdədir. Gənc forvard Deniz Gül qolları ilə inkişafda olduğunu göstərir.

Göründüyü kimi, Avropanı fəth edən türk futbolçuların siyahısı kifayət qədər genişdir. Üstəlik, bu oyunçuların əksəriyyəti gənc yaşdadır və karyeralarının ən parlaq dövrü çox güman ki, hələ qarşıdadır.
Bizim.Media