İngiltərə millisinin təcrübəli müdafiəçisi Kayl Uolker karyerasını başa vurub. 35 yaşlı sağ cinah müdafiəçisi bu qərarını dünya çempionatına üç ay qalmış açıqlayıb.
Bizim.Media xəbər verir ki, 2011-ci ildə debüt etdiyi İngiltərə millisinin heyətində 14 il çıxış edən Uolker 100 oyunluq yubiley həddinə cəmi 4 matç qalmış millidən getmək qərarı verib.
Karyerası ərzində 5 böyük turnirdə iştirak edən futbolçu iki dəfə Avropa çempionatının gümüş medalını qazanıb (Avro-2021 və Avro-2024).
Bu mövsüm "Bernli"nin heyətində Premyer Liqada 27 oyuna çıxan müdafiəçi son vaxtlar Tomas Tuxelin rəhbərlik etdiyi milli komandaya dəvət almırdı.
O, "Instagram" hesabında etdiyi paylaşımda bunları qeyd edib:
"Ölkəmi on ildən artıq təmsil etdikdən sonra karyeramı sonlandırmağa qərar verdim. İngiltərə forması geyinmək karyeramın ən böyük şərəfi idi və bununla hər zaman qürur duyacağam. Bütün komanda yoldaşlarıma, məşqçilərə və azarkeşlərə bu səyahətdə yanımda olduqları üçün təşəkkür edirəm. İndi mən də azarkeşlərə qoşulub dünya çempionatında uşaqları dəstəkləyəcəyəm".
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel də Uolker haqqında xoş sözlər deyib:
"Onunla az müddət işləməyimə baxmayaraq Kaylın İngiltərə futbolunun əfsanələrindən biri olduğunu bilirdim. 14 illik beynəlxalq karyera və 5 böyük turnir onun fədakarlığının sübutudur".
Qeyd edək ki, Kayl Uolker karyerası ərzində “Tottenhem”, “Mançester Siti”, “Milan” kimi klubların şərəfini qoruyub.
Bizim.Media