Sabah Misli Premyer Liqasında 23-cü tura start veriləcək.
Bizim.Media xəbər verir ki, 4 günü əhatə edəcək turu 4 futbolçu cəza ucbatından buraxmalı olacaq.
“Sumqayıt”ın yarımmüdafiəçisi Nikola Ninkoviç “Karvan-Yevlax”la açılış matçında yer almayacaq. Buna səbəb serbiyalı oyunçunun ötən turda “Kəpəz”lə görüşdə qırmızı vərəqə alması olub.
Çempionluğa iddialı “Qarabağ” da “Araz-Naxçıvan” önünə tam heyətlə çıxa bilməyəcək. Çünki müdafiəçi Mateus Silva məşqçilər korpusunun sərəncamında olmayacaq. “Sabah”la qarşılaşmada mövsümdə 4-cü sarı vərəqəsini alan braziliyalı cinah müdafiəçisi bununla cəzalı duruma düşüb. Onun həmyerlisi olan Kadi Borgesin iki oyunluq cəzası da bitməyib.
“Neftçi”də isə müdafiəçi Mustafa Sek “Turan Tovuz”la görüşü kənardan izləməli olacaq. O da ötən turda “Şamaxı” ilə matç zamanı mövsümdə 4-cü sarı vərəqəsini alaraq limiti doldurub.
Bizim.Media