Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab matçları çərçivəsində "Qarabağ" "Şamaxı"nı qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizim.Media xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.
Təcrübəli mütəxəssis ilk növbədə oyunun çətinliyini və futbolçuların yorğunluğunu vurğulayıb:
"Futbolçularımı vacib nəticə münasibətilə təbrik edirəm. Oyun əlavə vaxta gedə bilərdi, lakin ikinci hissədə üstünlüyü tam ələ aldıq. Bəzən səhvlərimiz olurdu. Futbolçular düzgün oynamağa çalışdılar. Futbolçularda yorğunluq hiss olunurdu. Bəzi səhvlərimiz olsa da, qələbə qazanmaq çox önəmli idi. İnanıram ki, qarşıdakı günlərdə yavaş-yavaş özlərinə gələcəklər".
Q.Qurbanov Kadi Borgesin "8 nömrə" mövqeyində çıxış etməsinə və gələcək rotasiyalara da aydınlıq gətirib:
"Kadi bu qabiliyyətə sahibdir. Pedro Bikalyo "Nyukasl" və "Sabah"la matçlarda çox güc sərf etdiyi üçün onu qorumalı idik. Əslində Kadinin ön xətdə oynamasını istəsək də, bəzən oyun quruculuğunda belə yaradıcı oyunçuların geridə olması vacibdir. Gələcəkdə həm Montiel, həm də digər oyunçularla bağlı belə mövqe dəyişiklikləri edə bilərik. Futbolçuların universal olması bizim üçün sevindirici haldır".
Jurnalistlərin "Sabah" klubunun prezidenti Maqsud Adıgözəlovun açıqlaması və aprel ayındakı gərgin təqvim barədə suallarına baş məşqçinin cavabı belə olub:
"Keçmişə qayıtmağı xoşlamıram və bu suala cavab verməyəcəm. Oyunda baş verənlər elə orada da qalır. Aprel ayındakı sıx qrafikə gəlincə, biz buna hazır olmalıyıq. Psixoloji gərginlik və yorğunluq qaçılmazdır, lakin bu, bizim işimizdir. İstənilən oyuna futbolçuları kökləməliyik. Əlbəttə ki, bəzən bu, alınmır. Hər matça maksimum nəticə üçün çıxacağıq".
Sonda komandanın gələcək perspektivləri və heyətin genişləndirilməsi barədə danışan mütəxəssis bunları qeyd edib:
"Yeni mövsümdə hər şey gözlənilir, dəyişikliklər az da ola bilər, çox da. Bu il heyətimiz həddindən artıq yükləndi, oyun sayı əvvəlki illərdən xeyli çox oldu. İstərdim ki, heyətimiz daha geniş olsun. Yeni mövsümdə çalışacağıq ki, heyət baxımından əziyyət çəkməyək".
Bizim.Media