“Müsbət haldır ki, idmanla məşğul olanların sayı artır. İdman zallarının sayı da artır. Kommersiya məqsədli, yəni gəlir götürmək məqsədilə də açan insanlar var. Biz idman həftəsi çərçivəsində məşqçilər Forumu keçiririk. Biz nə qədər gözəl idarəçi olsaq da, pulumuz az və ya çox olsa da sonda hər bir məqam məşqçiyə dayanır. Bu istiqamətdə görüləcək işlərimiz həddindən artıəq çoxdur. Onların ixtisas artırması, yenidən hazırlanması məsələsi var”.
Bizim.Media xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Milli Məclisinin Gənclər və idman komitəsində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən görüşdə deyib.
O bildirib ki, idmanda digər məsələ məktəblərdə bədən tərbiyəsi müəllimləri ilə bağlıdır:
“Əgər uşağımız riyaziyyat, fizika və digər fənlərdən zəif nəticə göstərirsə, biz onu hiss edib buna uyğun olaraq ya onun məktəbini dəyişərik, ya da ona yeni bir müəllim tutarıq. Amma onun bədən tərbiyəsi müəllimi onun sağlamlığına hər hansı formada düzgün şəkildə təşkil olmayan məşqlər prosesində sağlamlığına ziyan vurursa, bizim onu müəyyən etməyə nə bacarığımız, nə də biliyimiz var. Sonradan uşaq müəyyən yaşa çatandan sonra məlum olur ki, zədəsi var”.
Günay Şahmar, Bizim.Media