İspaniya Kubokunun yarımfinalında "Atletiko"ya böyük hesabla (0:4) məğlub olan "Barselona" hakimlərin idarəçiliyinə sərt reaksiya verib.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi İspaniya Kral Futbol Federasiyasına rəsmi məktub ünvanlayaraq dərin narahatlığını ifadə edib.
Klubun bəyanatında hakimlərin qərarlarındakı qeyri-sabitlik və ədalətsizliklər xüsusi vurğulanıb.
"Barselona"nın irəli sürdüyü əsas 5 irad bunlardır:
1. İntizam qaydaları: Qərarların qeyri-sabitliyi.
2. Əllə oyun: Bu epizodların qiymətləndirilməsindəki ziddiyyətlər.
3. Səhvlərin çoxluğu: Mövsüm boyu kluba ziyan vuran kobud səhvlərin təkrarlanması.
4. VAR sistemi: Tətbiqi və şəffaflığı ilə bağlı problemlər.
5. Monitora baxış: Hakimlərin epizodları izləmək üçün monitora dəvət edilməsi meyarlarının qeyri-müəyyənliyi.
Bununla yanaşı, "Barselona" şəffaflığı təmin etmək üçün bütün VAR danışıqlarının (hakimin monitora yaxınlaşıb-yaxınlaşmamasından asılı olmayaraq) ictimaiyyətə tam açıqlanmasını tələb edib.
Qeyd edək ki, klub rəhbərliyi bu müraciətin ciddiyyətlə araşdırılmasını və gələcəkdə belə halların qarşısını almaq üçün konkret tədbirlər görülməsini istəyib.
Bizim.Media