Monteneqronun Budva şəhərində gənc boksçular arasında ənənəvi Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində yarımfinal mərhələsinə yekun vurulub.
Bizim.Media xəbər verir ki, yarışda Azərbaycan millisinin 2 idmançısı finala yüksəlib.
Komandamızın heyətində Bilalhəbəşi Nəzərov (48 kq) yarımfinalda kubalı Manuel Sober Ruisə qalib gəlib. O, rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. Nəzərov finalda Tamta Briyeşlə (Hindistan) döyüşəcək.
51 kq-da mübarizə aparan Zidan Hümbətov isə hindistanlı Juji Rubandan güclü olub. Hər 3 raundda rəqibindən güclü olan boksçumuz 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, qızıl medal uğrunda Arseniy Jiltsovla (Rusiya) üz-üzə gələcək.
Rəşad Rafiqoğlu, Bizim.Media