Xəbər verdiyimiz kimi, İspaniyanın “Real Madrid” klubu futbolçusu Arda Güləri icarəyə verməyə hazırlaşır. İspan KİV-ləri isə bunun səbəbini "Real Madrid - Almeriya" matçında baş verənlərlə əlaqələndirib. Həmin oyunun son dəqiqələrində Arda Gülər isinmə hərəkətlərini bitirərək emosional şəkildə köynəyini yerə atıb və bununla da baş məşqçiyə etirazını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Youtube kanallarında yer alıb.
Arda Gülərə matçda oynamaq imkanı verilmədiyi üçün ispan azarkeşləri baş məşqçi Karlo Ançelottiyə sosial mediada sərt reaksiya veriblər.
Bildirilib ki, 18 yaşlı yarımmüdafiəçi komandanın ən istedadlı oyunçularından biri olsa da məşqçi onu meydana buraxmır.
Qeyd edək ki, İspaniya La Liqasının 21-ci turunda “Real Madrid” “Almeriya”nı 3:2 hesabı ilə məğlub edib.
Xatırladaq ki, türkiyəli oyunçu bu mövsüm Madrid təmsilçisinin heyətində cəmi iki matçda meydana çıxıb. Bunlardan biri ölkə kuboku, digəri isə İspaniya Superkuboku uğrunda qarşılaşma olub.
Arda Gülər ötən ilin yayında “Fənərbağça”dan 20 milyon avro qarşılığında “Real Madrid”ə transfer olub.