“Qəbələ”nin futbolçusu Asif Məmmədov üçün mövsüm bitib.
Bizim.Media xəbər verir ki, kapitan Premyer Liqanın növbəti iki turunda və ölkə kubokunun finalında komandasına kömək edə bilməyəcək.
“Turan Tovuz”a qarşı son matçda (1:2) zədə alan yarımmüdafiəçinin durumu yaxşı deyil. Dabanından ciddi xəsarət alan futbolçu tezliklə Türkiyədə əməliyyat olunacaq. Onun ən tezi 4-6 ay ərzində məşqlərə qayıtması gözlənilir.
Qeyd edək ki, 2015-ci ildən “Qəbələ”də çıxış edən Asif hazırda 36 yaşındadır və komandası ilə müqaviləsi yayda başa çatacaq. Lakin onunla anlaşmanın müddətinin uzadılacağı şübhə doğurmur.
Rəşad Rafiqoğlu, Bizim.Media