AFFA-nın Birinci Divizionla bağlı strategiyanı dəyişməsi xüsusilə bölgə klublarında ciddi marağa səbəb olub. Artıq bir çox komandalar növbəti mövsüm çempionata qatılmaq üçün əməli fəaliyyətə başlayıblar.
Bizim.Media xəbər verir ki, həmin klublardan biri də “Karvan”dır. Yevlax təmsilçisi bununla bağlı artıq AFFA-ya müraciət ünvanlayıb. Hətta komandanın baş məşqçisinin adı da məlumdur.
Belə ki, klubu Kənan Kərimov çalışdıracaq. Yevlax şəhər stadionunda da müəyyən təmir işlərinə start verilib.
Qeyd edək ki, AFFA birinci divizionun əsasnaməsini dəyişərək növbəti mövsümdən əvəzedici komandaların bu yarışda iştirakını dayandıracaq. Həmçinin Region Liqası klublarının 3 illik futbol fəaliyyəti ilə bağlı təlimat da aradan qaldırılıb.
Dövlət isə çempionatda oynamaq istəyən hər komandaya 300 min manat vəsait ayıracaq.
Rəşad Rafiqoğlu, Bizim.Media