Bu gün Azərbaycan Basketbol Liqasının 12-ci turu çərçivəsində daha iki oyun baş tutub.
Günün ilk görüşü çempionatın liderləri sayılan "Sabah BK" və "NTD BK" komandaları arasında keçirilib.
Oyunun sonunda geri dönüş edən "NTD" basketbolçuları rəqibi üzərində 79-75 hesablı qələbə qazanaraq, çempionatın vahid lideri olub. Ən məhsuldar basketbolçular "Sabah"dan Entoni Patti (17 xal, 11 ribaund ), "NTD"-dən isə Londell King seçilib – (30 xal, 16 ribaund).
Günün son oyununda "Neftçi" və "Gəncə" basketbolçuları üz-üzə gəliblər. Bərabər mübarizə şəraitində davam edən oyunun yekununda paytaxt klubu rəqibi üzərində 81-78 hesablı qələbə qazanıb.
Ən məhsuldar basketbolçular: "Neftçi"nin heyətində David Lomidze – (24 xal, 6 ribaund), "Gəncə" klubunda Celon Perri (26 xal, 6 ribaund ) olub.
Qeyd edək ki, turun bağlanış oyunu yanvarın 8-i saat 15:00-da Astara Olimpiya İdman Kompleksində "Zirvə Astara" və "Olimpik Şəki” komandaları arasında keçiriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media