Rusiyanın iyulun 19-da Türkiyənin mülki GOLDEN LEO yük gəmisinə endirdiyi raket zərbəsi nəticəsində həlak olanların sayı 10 nəfərə yüksəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Odessa Vilayət Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində 9 nəfər xarici ekipaj üzvü və Ukrayna Dəniz Limanları Administrasiyasının "Delta-Lotsman" filialının 66 yaşlı ukraynalı losmanı həyatını itirib. Daha 7 nəfər yaralanıb.
Məlumata görə, Qvineya-Bisau bayrağı altında üzən və Ukrayna limanından qarğıdalı yüklədikdən sonra yola çıxan gəmidə ümumilikdə 17 ekipaj üzvü – Suriya və Hindistan vətəndaşları olub. Gəmini limandan Ukrayna Dəniz Limanları Administrasiyasının losmanı müşayiət edib.
Axtarış-xilasetmə əməliyyatı gecə boyu davam edib. Gəmidə baş verən yanğın lokallaşdırılıb, 8 ekipaj üzvü xilas edilərək sahilə çıxarılıb.
Faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin 438.2-ci maddəsi (insanların ölümü ilə nəticələnən müharibə cinayətləri) üzrə cinayət işi açılıb.



Bizim.Media