Azərbaycanda kredit faizləri nə qədər yüksək hesab olunsa da, kredit götürənlərin sayı da bir o qədər çoxdur. Hətta hesablamalara görə, ölkəmizdə az qala hər 4 nəfərdən birinin banka kredit borcu var. Bəs bu şəxslərdən vəfat edən olarsa, onun borcunu kim ödəməlidir?
Moderator.az "Xəzər xəbər"ə istinadən bildirir ki, kredit təkcə pul yox, həm də böyük məsuliyyət götürmək deməkdir. Banka həmin vəsaitin qaytarılmaması həm kredit götürən şəxsi, həm onun zaminini, həm də ailə üzvlərini çətin vəziyyətə salır. Ancaq ölüm faktı tərəfləri bu məsuliyyətdən azad edir.
Qanunvericiliyə görə, kredit götürən şəxsin vəfat etməsi onun kredit müqaviləsinin etibarsızlığına gətirib çıxarır. Bu halda borcun ödənilməsi yalnız həmin insanın şəxsi əmlakı hesabına baş verə bilər. Başqa sözlə, qohumlar və ailə üzvləri həmin borca görə məsuliyyət daşımır.
Bu məsələdə digər sual doğuran məqam zaminlik məsələsi ilə bağlıdır. Qanunvericilik göstərir ki, vəfat edən şəxsin borcuna görə zamin də məsuliyyət daşımır. Bank zamindən hər hansı vəsaitin qaytarılmasını tələb edə bilməz.
Kredit götürənin vəfatı və əmək qabiliyyətinin itirilməsi nəticəsində onun borcunun banka ödənilməsi üçün kredit sığortası mövcuddur. Hazırda əksər banklarda kredit müqaviləsi bağlanan zaman sığortalanma da həyata keçirilir.