Dolların bahalaşmasını enerjidaşıyıcılarının qiymətlərini azaltmaqla kompensasiya etmək olar
İqtisadçı ekspert Akif Nəsirli MB-nin son qərarının ölkədə ciddi problemlər törətdiyini önə çəkərək vəziyyətdən çıxış yolu kimi enerjidaşıyıcılarının qiymətlərini azaltmaqla kompensasiya etməyi təklif etdi.
Ekspertin Moderator.az -a açıqlamasını təqdim edirik:
Bu gün Azərbaycan cəmiyyətinin gündəmini zəbt edən əsas məsələ, Azərbaycan Mərkəzi Bankının 21 fevral tarixində qəbul edib, bir gün sonra mediaya açıqladığı qərardır. Həmin qərara əsasən manat dollara nəzərən 33 faiz, avroya nisbətən isə 35 faiz rəsmən ucuzlaşdırıldı. Həmin qərardan zərər çəkən əhalinin spektrını cızmaq üçün onu qeyd etmək olar ki, ölkənin bank depozitlərində əhalinin 7 milyard manat əmanəti yatırılıb. Son bir neçə gün ərzində həmin əmanətlərin 10-15 faizini xarici valyutaya çevirmək imkanı oldu. Hökumət bir tərəfdən yumşaq inflyasiya qərarı verdi, digər tərəfdən isə bəyanatlarla əhalini əmin etməyə çalışdı ki, manat kəskin ucuzlaşmayacaq. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 16 fevral 2015-ci il tarixindən etibarən yeni məzənnə siyasətinə keçidlə bağlı müvafiq qərar qəbul etdi. Həmin qərar da qəsdən anlaşılmaz dildə xarici mətbuata açıqlandı. Qərarı düzgün şərh edən iqtisadçıları isə təxribatçı və ya vətən xaini adlandırdılar. Cəmi 5 gün sonra isə manat Mərkəzi Bankın (MB) növbəti qərarı ilə kəskin ucuzlaşdırıldı. Bu açıq şəkildə MB tərəfindən vətəndaşları aldadaraq, onlara arxadan zərbə vurmaq deməkdir. Qərar qəbul ediləndən sonra isə deyirlər ki, bu qərarı qəbul edənə qədər biz əhaliyə siqnallar vermişik. Halbuki o "siqnal"ların ardınca dəfələrlə bəyan edirdilər ki, manat kəskin ucuzlaşmayacaq.
Lakin hazırki şəraitdə artıq qərar qəbul edilib və dövlət başçısı da qərara münasibətini bildirib. Bu onu deməyə əsas verir ki, manat bir daha ucuzlaşmayacaq. Ona görə də həm hökumət, həm də vətəndaş cəmiyyəti nümayəndələri vəziyyətdən çıxış yollarını çözməlidir. İqtisadi nəzəriyyəyə görə, manat devalivasiya edilibsə, ölkədə mal və xidmətlərin bahalaşması istiqamətdə təzyiqlərin yüksəlməsi anlaşılandır. Bəzən belə fikirlər səsləndirilir ki, dolların bahalaşmasının yerli istehsala təsiri yoxdur. Bu kökündən səhv mülahizədir. Məsələn, ölkə daxilində toyuq əti istehsal edilirsə, toyuq yemi xaricdən idxal edilir ki, bu da məhsulun maya dəyərinin artmasına, o isə öz növbəsində qiymətin artmasına gətirib çıxarır. Digər kənd təsərrüfatı malları da onun kimi müəyyən mənada idxal mallarından asılıdır ki, dolların bahalaşması həmin məhsulların da bahalaşmasına səbəb olur.
Digər tərəfdən bəzi məhsulların idxal edilən analoqu bazarda bahalaşır, nəticədə yerli istehsalata tələb artır ki, bu da təbii olaraq qiymətin artmasına səbəb olur. Ona görə də rellığı təkzib etməkdənsə, onun qəbul edib, aradan qaldırmaq yollarını axtarmaq lazımdır.
Artıq əmanətci əhali bu prosesdən zərər çəkib və həmin zümrənin itirdiklərinin kompensasya edilməsi heç kimi ilgiləndirmir. Bu əhali seqmenti dar bir spektrı əhatə etdiyindən və əsasən hökumətə yaxın çevirə olduğundan, illərdir qazanıblarsa, hökumətin itkilərinə də şərik olmalıdırlar, deyə hökumət onlara ərk edə bilər. Lakin növbəti mərhələdə qiymət artımından itkilərə məruz qalan zümrə əhalinin daha geniş kütləsi, daha kasıb və sosial təminata, qayğıya ehtiyac duyan hissəsi olacaq. Bu isə ölkədə sosial problemlərin, etiraz dalğalarının baş qaldırmasına səbəb ola bilər. Bütün bu problemlərdən sığortalanmaq üçün nəzəri və praktiki üsullardan yararlanmağa ehtiyac var. Hazırda hökuməti qayğılandıran məsələ ölkədə ciddi qiymət artımını cilovlamaqdır. Hökumətin bunu yalnız inzibati nəzarət metodu ilə reallaşdırmaq fikrində olduğu göz önündədir. Birincisi, hökumət inzibati nəzarəti mexanizmini qabardaraq ölkədə bazar iqtisadiyyatının olmadığını açıq şəkildə etiraf edir. Digər tərəfdən isə hökumət sahibkarları özünə qarşı qoyur.
Fikrimizcə, hökumət bu bahalaşma tendensiyasının qarşısını iqtisadi vasitələrlə almalıdır. Belə ki, hökumətin əlində olan ən güclü vasitələrdən biri öz monopoliyasında olan qiymətlərdir. Hökumət həmin qiymətlərə yenidən baxaraq, işıqın, qazın və yanacağın qiymətini ciddi şəkildə ucuzlaşdırmalıdır ki, manatın devalivasiyasından qaynaqlanan xərc infilyasiyası təzyiqlərini kompensasiya edərək zərərsizləşdirə bilsin. Başqa sözlə desək, dolların bahalaşmasından şişən maya dəyərini enerjidaşıyıcılarının qiymətlərini azaltmaqla kompensasiya etmək ən optimal çıxış yoludur. Bu üsul MB-nın qərarındakı ədalətsizlik yükünü bir qədər azaltmış olar.
Əks təqdirdə, hökumət nə qədər ciddi nəzarət etsə belə, qiymətlər qalxacaq və bu qarşısı alınmaz inflyasiyaya yol açacaq. "