Milli Şuranın sessiyasından sonra da sular durulmadı və qurumun gələcəkdə hansı formatda fəaliyyət göstərəcəyi, yeni üzvlərin qəbulunun hansı mexanizmlə təmin ediləcəyi, nəhayət, 2015-ci il parlament seçkilərinədək duruş gəirib-gətirməyəcəyi naməlum olaraq qalır.
MŞ üzvü Eldəniz Quliyev bu gün mətbuata açıqlamasında bildirib ki, qurumu xilas etmək üçün onu partiyaların təsirindən çıxarmaq lazımdır.
Daha bir MŞ üzvü Vidadi Mirkamalsa hesab edir ki, narahatçılığa əsas yoxdur və MŞ fəaliyyətini təkmilləşdirdikcə dedi-qodulara yer qalmayacaq və hər şey yoluna düşəcək.
AXCP sədrinin müavini Nurəddin Məmmədli də nikbindir və prosesin sakit məcrada davam edəcəyi qənaətindədir:
“ Hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır. Eldəniz bəy işlərin daha da mütəşəkkil olmasını istəyən ziyalımızdı. Mən Vidadi müəllimin fikirləriylə şərikəm. Yaxın zamanlarda QHT sektorundan ve müstəqil ziyalılardan daxil olan insanlarımiz hesabına Milli Şuranın həm say tərkibi, həm də səviyyəsi daha da yüksələcək. Təşkilatdakı qarşıdurmalar aradan qaldırılıb, işgüzar şərait var, idarəçilik təkmilləşdi. Uğurların olacağı da təbiidir.”