“Yol polisindən etdiyimiz şikayətə heç kim baxmır”. Bunu “Bizim Yol”un əməkdaşı ilə söhbətində sürücü Zəka Mirağayev bildirib.
Şikayətçinin sözlərinə görə, 29.04.2013-cü il tarixində DYP-nin Gəncə şəhər postundan keçəndən sonra idarə etdiyi avtomobil ağ rəngli bir BMW markalı mülki avtomobil tərəfindən təqib edilib: “Mülki avtomobil xuliqan kimi bizim qarşımızı kəsdi. Maşın dayanandan sonra, ondan iki nəfər polis əməkdaşı düşdü və bizə hücum etdilər. Sonra bizi məcburi polis postuna qaytardılar və burada güya radara düşdüyümü bildirərək mənə protokol yazıdlar. Şikayətimə heç kim baxmır. Axı, mülki avtomobilə digər maşını saxlamaq hüququnu polislərə kim verib? Ümumiyyətlə, Azərbaycanda YPX-nə nəzarət sistemi varmı? Varsa necədir? Hadisəyə bu günə kimi niyə münasibət bildirilməyib?”.
Qeyd edək ki, şikayət ərziəsi ilə redaksiyamıza Zəka Mirağayev və Bəxtiyar Əmrahov müraciət ediblər. Şikayətçilər sözügedən avtomobilin də fotosunu redaksiyamıza təqdim ediblər.
DYP ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev şikayətçilərin haqlı olmadıqlarını dedi. K.Əliyev şəkildə göstərilən avtomobilin dövlət nömrə nişanının seriyasının “YP” olduğunu və bu nişanın yalnız yol polisi avtomobillərinə aid olduğunu qeyd etdi: “O avtomobil polisindir və mülki avtomobil deyil. Üzərində sayrışan işıqların olmaması və ya “polis” sözünün olmaması o anlama gələ bilməz ki, maşın polis maşını deyil. Bu kimi avtomobillər də polis tərəfindən istifadə olunur, onlara səyyar radarlar da quraşdırılır. Dediyiniz şəxslərdən bizə konkret olaraq şikayət daxil olmayıb. Amma ilk baxışdan da bəllidirki, burada sürücü günahkardır və sürücülər belə konfliktlərə girməsinlər deyə, əziyyət çəkib qaydaları pozmasınlar”.