Sabiq deputatın vəkili çıxış etdi, ona bəraət istədi |
Noyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirdi.
“Səlcuq Ağlayanla bağlı maddə əsassız hesab olunsun!”
Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə öncədən də nəzərdə tutulduğu kimi, G.Əhmədovanın vəkili Əfsər Talıbovun çıxışı gözlənilirdi. Ə.Talıbov müdafiə çıxışına başlamadan öncə vəsatətlə çıxış etdi. Vəkil bildirdi ki, G. Əhmədovaya Cinayət Məcəlləsinin 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddəsi ilə irəli sürülən ittiham əsassızdır. Onun sözlərinə görə, həmin maddə G. Əhmədovanın Səlcuq Ağlayanla cinayət əlaqəsinə girərək, Sevinc Babayevanı Türkiyədə gizlətməsi ittihamını özündə əks etdirir: “20 noyabr 2013-cü ildə Türkiyə məhkəməsi tərəfindən Səlcuq Ağlayana bəraət verilib. Bunun üçün də həmin maddə əsassız hesab olunmalıdır”.
Ə.Osmanov isə bildirdi ki, qeyd olunan məsələyə hökm çıxarılarkən hüquqi qiymət veriləcək.
“KİV nümayəndələrinin istintaqa çağırılmasını tələb etdik, olmadı”
Daha sonra vəkil Ə. Talıbov müdafiə çıxışına başladı. Vəkil öncə bildirdi ki, əgər qanunlara 1 faiz əməl olunarsa, G.Əhmədova barədə ittiham hökmü çıxarıla bilməz. Onun sözlərinə görə, gözlənilən baş verdi və dövlət ittihamçısı çıxışında heç bir sübut gətirə bilmədi: “Videonun yaranma mənbəyi yoxlanılmadan sübut kimi qəbul edildi. Hansı səbəbdən Elşad Abdullayev bu videoları bu qədər müddət saxlayıb? Daha öncə vəsatət vermişdik ki, Elşad Abdullayev ölkəyə gətirilsin, üzləşdirmə olsun. Bu vəsatət qəbul olunsa da, yerinə yetirilmədi. Baş prokuror işin araşdırılması üçün düzgün istiqamət verib. O bildirmişdi ki, araşdırma olmalı, Gülər Əhmədovanın günahı sübuta yetirilərsə, cəzalanmalıdır”.
Vəkil həmçinin bildirdi ki, montaj olunmuş video sübut kimi qəbul edilə bilməz. Ə.Talıbov yayılan videolarda pulun verilmə səhnəsinin olmadığını, üstəlik, pulun məbləği barədə dəqiq məlumatın yoxluğunu da əks sübut kimi təqdim etdi: “Videodakı söhbətlərdə 1 və 500 rəqəmləri səslənir. İstintaq, konkret olaraq Emzar Qocayev 500 rəqəmini 500 min dollar, 1 rəqəmini isə 1 milyon dollar kimi qəbul edib. Elşad Abdullayev deyir ki, 14 vəkilim var. Amma pulun verilməsi ilə bağlı ortada bir faktın olmaması da göstərir ki, burda boşluq var. Pul verilməsi ilə bağlı faktın əvəzinə isə ortada söz yığını və dedi-qodu var”.
Ə.Talıbovun sözlərinə görə, videoda hallanan 1 və 500 rəqəmlərini media mənsubları 500 min və 1 milyon dollar kimi təqdim edib. Vəkil xatırlatdı ki, istintaq müddətində bu barədə yazan KİV nümayəndələrinin istintaqa çağırılıb ifadə verməsini tələb etsələr də, bu da yerinə yetirilməyib: “Elşad Abdullayev Arzu Kazımova pul verdiyi üçün üçtərəfli müqavilə bağlayır, Əli Zəngilanskiyə 5 min dolları alması ilə bağlı məktub yazdırır. Amma Gülər Əhmədovaya guya verdiyi 1 milyona görə ortada sübut deyiləcək heç nə yoxdur. Hətta Elşad Abdullayevin Sevinc Babayeva ilə aralarındakı telefon danışığı da bunu sübut edir. O, mərhum Sevinc Babayevaya deyir ki, ”Sevinc, mən Gülərə pul vermişəm ki, ondan da pul istəyim?""
“Bu hadisədə 3 nəfər var - biri ölüb, o biri türmədə, biri Fransada...”
Vəkil çıxışında E.Abdullayev tərəfindən təqdim edilən sübutların - videoların - əldə edilmə üsullarının da qanunsuz olduğunu bildirdi. Onun sözlərinə görə, sabiq rektor həmin videoların gizli çəkildiyini etiraf edib: “Audio və videoçəkiliş o zaman sübut kimi qəbul edilə bilər ki, qanunvericiliyin yol verdiyi qaydada əldə edilsin. Bu cür çəkilişləri isə tədqiqat orqanları həyata keçirirlər. Elşad Abdullayev əməliyyat subyekti deyil. Onun da belə əməliyyatlar keçirməyə ixtiyarı olmayıb. Emzar Qocayev Gülər Əhmədovaya bildirib ki, Elşad Abdullayev bu kameraları təhlükəsizlik məqsədilə yerləşdirib. Amma bu kameraların fəaliyyəti şantaj məqsədilə olub”.
İstintaqda, eləcə də məhkəmədə ifadə verən şahidlərin əsasən ölmüş şəxsə - Sevinc Babayevaya istinad etdiyini deyən Ə.Talıbov bunun sübut sayıla bilməyəcəyini vurğuladı. “Vəfat etmiş şəxsin dediyi sözlər sübut sayıla bilməz” deyən vəkilin sözlərinə görə, istintaq zamanı şahid ifadələri saxtalaşdırılıb və bunu şahidlər məhkəmə zamanı özləri bildiriblər. O, istintaq zamanı bəzi şahidlərə “onsuz da Gülər Əhmədovanın kitabı bağlanıb”, “siz də həbs olunacaqsız” kimi sözlər deyildiyini yada salaraq, bu yolla sağlam istintaqdan söhbət gedə bilməyəcəyini vurğuladı: “Gülər Əhmədova bu videolardan sonra istintaqa mane olmamaq üçün mandatından imtina etdi. Bu hadisədə 3 nəfər var: biri ölüb, digəri Fransadadır, o biri isə həbsdədir”.
“Gülər xanım demişdi ki, Elşad Abdullayevə inanırsızsa, evimi girov qoya bilərəm...”
Ə.Talıbov söylədi ki, ilk dəfə 2012-ci ilin 9 oktyabr tarixində dindirilən G.Əhmədovanın ölkədən çıxışına nə zaman yasaq qoyulduğu bəlli deyil. Gürcüstana müalicə məqsədilə gedən müvəkkilinin sərhəddə saxlandığını xatırladan vəkil müvəkkilinin daha sonra məhkəmədə guya günahını etiraf etməsi ilə bağlı deyilənləri yalan adlandırdı: “Həmin zaman Gülər Əhmədova bildirib ki, ”əgər siz Elşad Abdullayevə inanırsızsa, mən Heydər Əliyevin mənə bağışladığı evi girov qoya bilərəm. Düzdür, qiymətini bilmirəm, amma girov qoyuram. Amma Elşad Abdullayev də ölkəyə gətirilsin, üzləşmə olsun. Heç kimdən pul almamışam, heç kimə deputatlıq söz verməmişəm, amma yorulmuşam, səhhətim də qaydasında deyil. Azadlığa buraxılmamı istəyirəm. Amma müstəntiq Emzar Qocayev bunu sənədlərdə belə qeyd edib ki, Gülər Əhmədova suçunu qismən etiraf edib".
Sevinc Babayevanın son mesajları: “Yaşasam, Elşadın vayına oturacam”
Ə.Talıbov daha sonra cinayət işində də yer alan, Sevinc Babayevanın Türkiyədən rəfiqəsi Tavat Bayramovaya, eləcə də G.Əhmədovaya yolladığı mesajlardan danışdı. Onun sözlərinə görə, S.Babayevanın T.Bayramovaya yazdığı mesajlar bunlar olub: “Ya o yaşamamalıydı, ya mən. Ölüb eləsəm, pullarını ondan al”, “Qorxma, yazıq Gülər də bizə görə ....-a düşüb”, “Sən deyəndə Elşad bicbaladır, inanmırdım. Qardaşı Eldəniz, Mahir ona dərs olmadı?”
G.Əhmədovaya yolladığı mesajda isə S.Babayeva yazıb ki, “Yaşasam Elşadın vayına oturacam”. Ə.Talıbovun sözlərinə görə, sözügedən pulları G.Əhmədova almış olsaydı, S.Babayeva “Yaşasam Gülərin vayına oturacam” yazardı. Sabiq deputat isə bu yerdə replika verir: “Elə vayıma oturdular da...”
Ə.Talıbov dedi ki, başqa bir mesajında isə S.Babayeva “Ürəyim çox pis tutub. Bu əclafdan pullarımı ala bilsəm, rahat ölərdim”. Vəkilin sözlərinə görə, əgər bu mesajlar İstanbuldan yox, Bakıdan-G.Əhmədovanın Hökumət Evindəki iş yerindən göndərilmiş olsaydı, bunu yazması üçün məcbur edildiyini düşünmək olardı.
“Videolardakı bütün adamları tutun, Gülər Əhmədovanı arxasız görmüsüz?”
E.Abdullayevin, habelə onun nümayəndəsi Elnur Məcidlinin mediaya verdikləri müsahibələrdə “videolar üzərində tamamlanma işləri gedir” dediklərini yada salan vəkilin sözlərinə görə, bu, onların videolar üzərində montaj işləri apardıqlarını sübut edir. “Bunlar hər dəfə yeni film çəkirlər” deyə sual edən vəkil daha sonra sabiq rektorun yaydığı digər videolar barədə də ilginc fikir söylədi: “Onda mən də deyirəm ki, onun yaydığı videolarda nə qədər adamlar varsa, hamısını tutun! Niyə Gülər Əhmədovanı tutmusuz? Onu arxasız görmüsüz?”
Bu yerdə G.Əhmədova vəkilinin son tələbinə etiraz etdi: “Əfsər müəllim, Allah eləməsin. Ölkənin yarısı montaj olunmuş videolara görə türmələrə düşməlidir? Mən razı deyiləm”.
Vəkil yayılan və istintaqın sübut kimi qəbul etdiyi videolarda montaj əlamətləri olduğunu deyərək, qarşı tərəfin buna arqumentini yada saldı: “Soruşanda ki, bu videolar niyə kəsilib, cavab verirlər ki, orda söyüş və təhqir vardı. Pul sövdələşməsi edən adam 4 saat yarım söyüşər? Bunlar 5 saatlıq videonun cəmi yarım saatını yayıblar”.
“Möhtərəm hakim, siz də bilirsiz, rüşvət necə alınır, mən də...”
S.Babayevanın sağlığında dindirilmədiyini yada salan Ə.Talıbov bunu absurd adlandırdı. Onun sözlərinə görə, mərhumun İstanbuldakı ünvanını bilən istintaq sağlığında onu dindirmək əvəzinə ölümündən sonra 2 ay müddətində İstanbulda oturub. Vəkil həmçinin videolarda rüşvətin verilmə yeri və zamanının göstərilmədiyini də vurğuladı. Bundan başqa, o, E.Abdullayevin guya pulun verildiyi 2005-ci ildən 2012-ci ilə qədər bir dəfə də olsun onun qaytarılması üçün müraciət etməməsinin də şübhəli olduğunu dedi: “Daha bir detal. Elşad Abdullayev hüquq professorudur. O bilir ki, rüşvəti necə alıb-vermək lazımdır. Mən də çoxdanın hüquqşünasıyam. Bilirik rüşvət necə alınıb-verilir. Möhtərəm hakim, elə siz də bilirsiniz rüşvət necə alınıb verilir”.
Ə.Talıbovun bu sözü məhkəmədə gülüşə səbəb oldu. Hakim vəkilin sözünü kəsərək, gülümsünərək, “Əfsər müəllim, biz bilmirik rüşvət necə alınıb-verilir. Bizə onun dərsini keçməyiblər” dedi.
Ə.Talıbov isə dedi ki, bunu deyərkən rüşvətin verilmə mexanizmi barədə hamının məlumatlı olmasını nəzərdə tutub: “Bir nəfər də olsun canlı şahid yoxdur ki, desin, pulu alanda görmüşəm. Ona görə də video və şahid ifadələri sübut kimi qəbul edilə bilməz”.
Fikirlərini ümumiləşdirəndən sonra Ə.Talıbov bildirdi ki, Gülər Əhmədovanın əməlində cinayət tərkibi yoxdur. Vəkil xahiş etdi ki, cinayət işinə xitam verilsin və G. Əhmədova barəsində bəraət hökmü çıxarılsın: “Ümid edirəm ki, məhkəmə prokurorun dediklərini ehkam kimi qəbul etməyəcək. Çünki prokuror çıxışında bir dəfə də olsun konstitusiyadan bir sitat gətirmədi. Allah Azərbaycan xalqını Elşad Abdullayevlərdən qorusun”.
Gülər Əhmədova: “Mənə vaxt verin, yaxşı həkimlə təmin edin, vəkilimin yanında oturmağıma icazə verin”
Daha sonra son söz demək üçün söz G. Əhmədovaya verildi. Təqsirləndirilən şəxs çıxışa hazır olmadığını bildirib: “Məhkəmə prosesləri tez-tez təyin olunur. Mən özümü yaxşı hiss etmirəm. Təcridxanada isə yaxşı həkim yoxdur. Prosesə gələndə dərman içib gəlirəm. Xahiş edirəm ki, yaxşı bir həkimin məni müayinə etməsinə köməklik göstərəsiniz. Vəkilim də yanıma gələndə yarım saat otururam, sonra vəziyyətim pisləşir. Bundan başqa, bir qadın məhkum var, mənimlə eyni maddə ilə ittiham olunub, amma ona məhkəmə zamanı vəkilinin yanında oturmağa icazə veriblər. Vəkilimin yanında oturmağıma icazə verin və məni iztirablardan bir az azad etməyimə kömək edin! G. Əhmədova məhkəmədən çıxış üçün 5-10 gün vaxt istədi.
Hakim isə dedi ki, həkim məsələsi məhkəmənin səlahiyyətində deyil. Məhkəmə G. Əhmədovaya çıxış üçün vaxt verdi.
Proses dekabrın 2-də, 10.30-da davam etdiriləcək.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.