Dünən İsveçin paytaxtı Stokholmun “Globe”x9d arenasında keçirilən final şousunda “Eurovision-2016”x9d mahnı müsabiqəsinin qalibi müəyyən edildi. 534 səs toplayan Ukrayna təmsilçisi Camala “1944”x9d adlı mahnısı ilə nüfuzlu yarışmanın qalibi oldu.
Qeyd edək ki, mahnının sözləri və musiqisi ifaçının özünə məxsusdur. Amma təbii ki, buradan bəstədən çox sintez var. Məşhur “Ey gözəl Krım”x9d mahnısını uşaqdan”“böyüyə bilməyən tapılmaz. Elə ifaçı da mahnının müəyyən yerlərində türk dilində həmin “Ey gözəl Krım”x9ddan parçaları səsləndirdi. 1944-cü ildə Krım türklərinin faciəli şəkildə ana torpaqlarından sürgün edilməsinə həsr edilən mahnıda türk muğam çalarına da rast gəlinir. “1944”x9d mahnısı müsabiqədə birinci olsa da onun “anası”x9d hesab edilən “Ey gözəl Krım”x9d mahnısını bir daha aktuallaşdırdı.
Moderator.az təqdim edəcəyi yazıda “Ey gözəl Krım”x9d mahnısının nisgilli tarixçəsindən bəhs edəcək.
Əvvəlcə xatırladaq ki, Camalanın məhz 2016-cı ildə bu mahnı ilə qalib gəlməsinin xoş bir təsadüfi də var. Bu il “Ey gözəl Krım”x9dın 50 yaşı tamam oldu. Ukrayna təmsilçisinin də həmin möhtəşəm sənət əsərinin yubiley ilində Avropa səhnəsini fəth etməsi çox yerinə düşdü.
Mahnı 1966-cı ildə yazılıb. Sözləri Fatma Xəlilovaya, musiqisi isə Şükrü Osmanova aiddir. Amma bu iki tatar sənətkarı bilməzdilər ki, ərsəyə gətirdikləri mahnı sonradan əsl xalq sənəti nümunəsinə çevriləcək. Çoxları onu elə xalq mahnısı kimi biləcək.
Bir gün musiqinin bəstəçisi Şükrü ağa Fatma xanımın oğlu Ənvəri yanına çağırır. Krım türklərinin faciəli həyatından bəhs edən musiqinin notlarını köçürməyi və həmin musiqiyə aid şeir yazmağı tapşırır. Ənvər əvvəlcə musiqini dinləyir. Oradakı nisgili, faciəni hiss edərək şeir yazmaqdan boyun qaçırır. Deyir ki, mənim anam Fatma xanım Krım türklərinin tarixini, onların folklor və adət-ənənələrini çox gözəl bilir. O, bu musiqiyə çox gözəl şeir yaza bilər. Razılaşırlar. Musiqini dinləyən Fatma xanım çox kövrəlir. Bütün uşaqlığı, doğma torpaqlar gözünün qabağından gəlib keçir. İş prosesi çox gecikmir. Lakin bircə yerdə çətinlik çəkirlər- mahnını ilk olaraq hansı sözlə başlayaq ki, əsər daha təsirli olsun? Üç bəndi hazır masa üzərinə hazır qoyan Fatma xanm şeirini bir də oxuyur. Əsas cümləni seçir. “Aluştadan əsən yellər üzümə vurdu”x9d misrası ilə mahnıya giriş edirlər. Beləcə Krım türklərinin az qala himninə çevriləcək bu sənət əsəri bir gecənin içində yaranır. İlk uğurunu isə Özbəkistanda qazanır. Özbəklər də türk qardaşları olan krımlıların faciəli sürgünündən xəbərsiz deyildilər. Odur ki, bu mahnı səsləndikcə həmin faciəni göz önünə gətirirdilər.
Mahnıdakı sözlərin orijinalına toxunmadan bir bəndini təqdim edirik:
“Aluştadan esken yelçik yüzüme urdu Balalığım keçken evge köz yaşım tüşti Men bu yerde yaşalmadım Yaşlığıma toyalmadım Vatanıma asret oldum, Ey, güzel Kırım Keze-keze toyalmadım Çoq yerlerni koralmadım”x9d
Nasıl güzel vatanımsıñ Ey, güzel Kırım”x9d
1944-cü il Krım sürgünü
Mahnı bəlkə də bir az gecikmişdi. Çünki 1944-cü ildən 22 il vaxt keçmişdi. Amma insanlar yenə də həmin sürgün faciəsini unuda bilmirdilər. Həmin faciənin tarixinə də qısa nəzər salaq:
“1944-cü ildə hər şey yenə də “millətlər atası”x9d Stalinin başının altından çıxdı. O, II Dünya Müharibəsində Krım türklərinin almanlarla əməkdaşlıq etdiyini iddia edərək sürgünə göndərilmələrini əmr etdi. Əmr 18 May 1944-cü ildə Krım türklərinə çatdırıldı. İki saat içərisində, evlərindən heç bir əşya almadan, olduqları kəndin, qəsəbənin, şəhərin meydanında toplanmaları əmr edildi. Evini tərk etmək istəməyənlər zorla aparıldı. Müqavimət göstərənlər qundaq zərbələri ilə dərhal elə orada öldürüldü. Qışqırıqlarla inləyən səmanın qaranlığını deşməyə çalışan günəş, qana bələnmiş Krım torpaqlarına ilk işıqlarını göndərəndə 423,1 min nəfərdən ibarət olan Krım Türkləri heyvan daşınmasında istifadə edilən qatarlar vasitəsi ilə sürgünə göndərildilər. Vaqonlara doldurulanların 57 min nəfəri 0-5 yaş arası uşaq, 68 mini isə 60 yaşdan yuxarı yaşlı insanlar idi.
Sabahısı gün Arabat bölgəsində bir kənddə 150 Türkün unudulduğu aydın oldu. Xəbər Stalinə çatdırılanda əmr verdi: “Bunların işini 24 saat içərisində bitirin”x9d Əmr yerinə yetirildi: körpə, qoca və gənc demədən bütün kənd xalqı, kiçik bir gəmiyə dolduruldu. Gəmi, sahildən bir neçə mil açılandan sonra dərhal batırıldı. Qara dənizin sərt dalğaları soydaşlarımıza məzar oldu. Türklərlə birlikdə Krımda yaşayan yəhudi dininə mənsub türklərlə eyni dinə mənsub Yəhudilər də sürgün edildilər. Çünki bu iki qrupa mənsub insanların Krım türkləri ilə yaxşı əlaqələri vardı.
Nəticə
Biz hələ həmin tarixi faciənin yalnız bir neçə epizodundan danışdıq. 2016-cı ildə bu faciəni Avropa səhnəsinə çatdıran Camalanın da atası Krım türkü olub. Bir neçə ilə bundan əvvəl Krım yenidən Rusiyanın tabeliyinə keçdi. Başı bəlalı cənnət torpağı olan Krım özünün haqq səsini dünyaya hələ bundan sonra yenə də çatdıracaq!
Elmin Nuri