Hər axşam şər qarışan vaxtı telefonuma zəngi gəlir. Hər telefonumun ekranında onun adını görəndə eynim açılır. Zəng edən yenə də üzündə - gözündə bir mahalın işığını daşıyan, bəynişan duruşlu, ağayana söhbətli, el ağsaqqalı, köhnə kişi, qocaman pedaqoq Rəfi Körpülüdür. Allı - güllü salam-kəlamdan sonra üstümə “nayezd”x9d eliyir.
-Ayə, de görüm sən hansı partiyanın üzvüsən?
Mən də öz növbəmdə ağsaqqalı cırnatmaq üçün Qomunist partiyasının üzvüyəm deyib özünü öz partiyası ilə üz-üzə qoyuram.
-Ay sənin partiyana nə deyim? De görüm haralardasan, niyə zəng elləmirsən? Harada görmüsən ki, hər dəfə qoca cavana zəng elləyə. Niyə bir dəfə zəng elləmirsən. Ay etibarsız.
Köhnə qomunistin yumşaq damarını yaxşı tutmuşam. Başlayıram tərifləməyə.
Allah heç bir məhləni ağsaqqalsız eləməsin deyirəm. Yumşalır. Ağsaqqal söhbəti eynini açır. Ancaq özünü heç də o yerə qoymayaraq dillənir:
-Mən bilirəm ağsaqqal sözünün arxasında nə durur.
-Nə durasıdır ki, ayRəfi dayı, dursa-dursa ya bir gümüşü çaynik çay, ya da ki, 3 pivə bir noxud durur.
Pivənin birinin sahibi isə qabaqcıl təhsil işçisi, istedadlı şair-publisist olan dostumuz Şəmsi Qocadır. 3 pivə söhbəti o andaca Şəmsi Qocanı Rəfi dayının yadına salır.Qoca kimdir ağsaqqal da o olmalıdır deyir. Zəng ellə Şəmsiyə gəlsin ağsaqqallığını eləsin. Hələ 2025-ə kimi Səni ağsaqqal seçmişik, Şəmsini də Sənə stajor. Nə isə 5-3 dəqiqəlik mükalimədən sonra mənimlə razılaşmalı olur.
Bax beləcə başlayir hər axşam Rəfi Körpülü ilə bizim ədəbiyyat gecələrimiz. Hələ də üzə çıxarmadığı yüzlərlə gözəl şerləri var Rəfi müəllimin. Bu şerlər əslində onun səsidir, iç səsi.Onun şerlərini oxuyanda elə bilirsən ki, onunla üzbəsurət oturub şirin-şirin qoca fəndi söhbətlər edirsən. Və bu söhbət o qədər yapışqanlı, axıcı, maraqlı olur ki, onun uzandıqca-uzanmasını istəyirsən. Bu da ondan irəli gəlir ki, Rəfi Körpülü Azərbaycan ədəbi dilinin zəngin ənənələrindən gen bol və yerli yataqlı bəhrələnməklə yanaşı, yeri gəldikcə Loru nahiyyəsinin Körpülü ləhcəsinin də şəhdi-şirəsindən, duzundan-istiotundan da bəs qədər öz poetik dilinə qatır, bu da onun şerlərinə məxsusi bir üslub, xoş bir ahəngvermiş olur. Bir sözlə şer olur ”“Bal.
Dünya məndən nə istiirsən,
Qoysan bir az dinc yaşıyım.
Başdan-başa qəm kədərsən,
Qoysan bir az dinc yaşıyım.
Hər dəfə Rəfi Körpülünün şerləri haqqında düşünündə ana şerimiz olan Dədə Qorqud şerlərinin dili yadıma düşür. Şerlərin deyiliş təhkiyəsi xüsusiylə gözəldir. Fikir verək:
Ulu Tanrıdan təvəqqim var
İkinci ömrü niyə vermir.
Bir ömür nəyə çatar,
İkinci ömrü niyə vermir.
Ömür keçir zaman-zaman
Əcəl də ki, vermir aman
Biri tez keçir yaman
İkinci ömrü niyə vermir.
Xoş günlərin əsiriyəm
Tanrının öz bəndəsiyəm
Var-dövlət ha istəmirəm
İkinci ömrü niyə vermir.
Rəfi müəllimin şerlərində özünü qabarıq şəkildə göstərən cəhətlərdən biri də onun doğulub boya-başa çatdığı, hal-hazırda yağı tapdağında inləyən canı qədər sevdiyi, oraya qayıdacağı günün ümüdü ilə yaşayan, həsrətindən bağrının başı şan-şan olmuş doğma kəndi Körpülü kəndi haqqında düşüncələri, nisgilli xatirələridir. Görün bu haqda özü nə deyir:
O, yerlərdə dünyaya göz açmışam
Pərvazlanıb, qanad çalıb uçmuşam
Eh..., heyif ki, indi ayrı düşmüşəm
Kaş yenə də Körpülüdə olaydım.
Aşaydım bir dəfə Qaçağanın yalından
Qurşqayla içəydim Söyüdlü bulağından
Keçəydim Qızıl qayadan, Koroğlu oylağından
Kaş yenə də Körpülüdə olaydım.
Göyəmlidən ötüb Hayvalıya gedəydim
Xırdalardan Daş bulağa enəydim
Seryinin dərəsində qulançar dərəydim
Kaş yenə də Körpülüdə olaydım
Qara qayadan bir də keçəydim
Çinarın altında bir az dincələydim
Gendərədə zoğalın yaxşısını seçəydim
Kaş yenə də Körpülüdə olaydım.
Cöyüzlükdən qalxaydım Yekə yala
Baxaydım oradan elə, obaya
Enəydim Tənbəkərə,Türş bulağa
Kaş yenə də Körpülüdə olaydım
Qayalığın altında sozu dərəydim
Mutunun talasında armud yığaydım
Cüyür bulağında əlimi yuyaydım
Kaş yenə də Körpülüdə olaydım
Bir yanı Ləlvər, bir yanı Göydağ
Bir yanı Borçalı, bir yanı Qazax
Kəsilib yolları, olubdur uzaq
Kaş yenə də Körpülüdə olaydım.
Xalqın dərdinə ağlamasam kor ollam
Ayrılıq həsrətidən saralıb-sollam
Elimin köləsi ,qulu ollam
Kaş yenə də Körpülüdə olaydım.
Tanrı niyə üz döndərdi
Bizə qəm kədər göndərdi
Ağır olur Vətən dərdi
Kaş yenə də Körpülüdə olaydım.
Qələmim dayanıb, dərdlidir yazmır
Qərib eldə ,yuyam da qızmır
Rəfi kövrəkdir ,ayrılığa dözmür
Kaş yenə də Körpülüdə olaydım.
Həyat Rəfi müəllimə də az çəkdirməyib. Əvvəl yetimlik, kasıbçılıq. Sonradan da yurdsuzluq , yuvasızlıq, daha sonra da dağ kimi qardaşlarının itkisi. Bütün bunlar azmış kimi istəkli ömür gün yoldaşı, xanım-xatun həyat yoldaşı Mərziyyə xanımın itkisi isə əməlli-başlı sarsıtdı Rəfi müəllimi. Sarsıldı ancaq sınmadı Rəfi müəllim. Əymədi qəddini. Anasının adını qoyduğu qızı Hürü xanımdan, ocağında od qoruyan oğlanlarından, doğmalarından, dostlarından, yaşamaqdan, təbiətdən, sazdan-sözdən heç doymadın deyir Rəfi müəllim. Tək təskinliyim hər keçən zamanın məni Mərziyyə xanıma bir az daha yaxınlaşdırmasıdır deyir Rəfi müəllim. Mərziyyə xanım xəstə yatağında olakən yazdığı “Sən yaşa sevgilim təki Sən yaşa”x9d şerinin yanğısı, odu-alovu günü bu gün də məni qarsılayır.
Maraqlı, maraqlı olduğu qədər də yanğılı uşaqlıq xatirələri var Rəfi müəllimin. Yetim oğlan olmuşam deyir. Vaxt olub ki, ayağımın qabı olmayıb geyinməyə. Qar yağanda sevinmişəm ki, ayağım palçığa batmayacaq. Məktəbə ayaq yalın getdiyi günləri xatırlayır. Deyir kəndimizin çox səxalı kolxoz sədri olub. Yaxşı yadımdadır bir gün ayağımı yalın görüb , kalxozun anbarından mənə bir çarıqlıq gön kəsdirib verdi. İndi Rəfi müəllim orta məktəbdə oxuyarkən qar üstə ayaqyalın çəkdirdiyi şəklinə baxıb köks ötürür, yeri behişt anasının o vaxtkı sızıltısını indi hiss edir.Gözlərindən axan yaş yanağına süzülür Rəfi müəllimin.
Keçirdin neçə yuxusuz gecələr
Əlimdə ixtiyar olsaydı əgər
Xoşbət günlərimi sənə verərdim
Ay məni dünyaya gətirən ana.
Ana kəlməsini eşidən zaman
Ürəyim alışır, bağrım olur qan
Sənin ruhundur məni yaşadan
Ay məni dünyaya gətirən ana.
Mənim var olmağım Sənə bağlıdır
Sənsiz yaşamaqdan sinəm dağlıdır
Həsrətin Rəfini hər gün ağladır
Ay məni dünyaya gətirən ana.
Aşağı sinifdə oxuyurdum deyir. Evdə odunuzmuz yox idi. Anama canım yandığı üçün ilk dəfə odun gətirmək üçün çölə, meşəyə getdim. Bir uzunqulaq yükü odun hazırlayıb geri kəndə yola düzələnə kimi qaranlıq düşdü. Bir də onda gördüm ki, üstümüzü bir sürü canavar kəsdirdi. Çox qorxmuşdum. Yaxşı ki, cibimdə bir qutu kibrit var idi. Dənələri çıxardıb bir-bir yandıra-yandıra özümü kəndə çatdırdım. Yenə də yazıq anam. Qorxudan ürəyi ağzından gəlmişdi deyir.
Rəfi müəllimin kalaritli xatirə yaddaşı, zəngin həyat təcrübəsi gəncliyə örnək baxımından hələ çox öyrənilməlidir. Bu baxımdan Rəfi Körpülünün Giya Paçxataşivili, Şəmsi Qoca, Ramiz Hümmətov, Tofiq Sədioğlu, Elvin Qurbanov kimi yaxın dostlarının təkidlə kitabını nəşr etdirmək təşəbbüslərini alqışlayıram.
Həmid Ormanlı