Xalqların mənəvi dünyasının zənginləşməsində ədəbiyyat və incəsənət çox mühüm yer tutur. Vaxtilə bir çox estetik amillərlə, çağdaş günümüzdə isə bəzi ədəbi-bədii nümunələr və sənət növləri ilə əlaqədar xalqımızın məişətinin ayrılmaz bir hissəsi kimi özünü büruzə verirdi. Buna görə də dövlətimiz insanın mənəvi yüksəlişində, vətəndaşların müstəqillik ideallarına sədaqət, milli-mənəvi dəyərlərə hörmət, məhəbbət ruhunda formalaşması, tərbiyə olunmasında ədəbiyyatın roluna yüksək qiymət verməli, onun qayğımsına qalmalıdır.
Bədii yaradıcılıq prosesinə qayğı həmişə diqqət mərkəzində olmalıdır. Eyni zamanda tələbkarlıq və nəzarət də diqqətdən kənarda qalmamalıdır. Bu isə müasir baxışlı, demokratik, sağlam təfəkkürlü tənqid və ədəbiyyatşünaslığın üzərinə mühüm vəzifələr qoyur. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra meydana çıxan reallıqlar əsasında sovet dövründə tədqiq olunan ədəbi irsimizin müasir dəyərlər sistemi prizmasından təkrar təhlili labüddür.
1991-ci ildən, daha doğrusu, xalq hərəkatının dirçəliş dövrü, bir neçə il əvvəldən başlayaraq yazılan dissertasiyalar, ədəbi araşdırmalar, bir sözlə, ədəbiyyatımızın tədqiqi ilə bağlı əsərlər milli mənəviyyatımıza yeni dəyərlər prizmasından baxılaraq təhlil olunmuş və elmi həllini tapmışdır. Müstəqilliyimizi əldə etdiyimiz bu 24 ildə Azərbaycan ədəbi-nəzəri fikri ideoloji qadağalar olmadan sərbəst inkişaf etməkdir. Hər sahədə olduğu kimi, ədəbiyyatşünaslıq elmimiz üçün dəgeniş imkanlar açılmışdır. Sovet dövründəolduğu kimi, yenə də Azərbaycan MEA-nın Nizami adına Ədəbiyyat İnstitutu, o cümlədən ali məktəblərimizin ədəbiyyat kafedralarının əməkdaşları ədəbi-mədəni irsin tədqiqi ilə məşğul olmaqdadırlar. Yenidən Azərbaycan ədəbiyyatı fundamental şəkildə yeni baxışlarla araşdırılmalı, onun ayrı-ayrı görkəmli nümayəndələrinin elmi və bədii yaradıcılığı öyrənilməli, nəzəri məsələlər, ədəbi əlaqlər, eləcə də ədəbi abidələr və klassiklərin vacxtilə sosializm realizmi ruhunda olan əsərləri, həmçinin qəti qadağan olunmuş bədii nümunələr nəşr olunmalıdır.
Sovet dönəmində ədəbiyyatşünaslıqda əsas məsələ həmin dövrün bədii irsinin təbliğ və tədqiqinə istiqamətlənmişdirsə, indi isə klassik ədəbiyyatımızın, yasaq olunmuş ədəbi-bədii nümunələrin, o cümlədən digər xalqların bədii dəyərlərinin öyrənilməsi, araşdırılması önə çəkilməlidir. Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatının ən qabaqcıl təcrübələrini əxz etməklə daha da zənginləşir. Eləcə də əksinə”¦ Milli ədəbiyyatımızın təcrübələri, mövzu və ideyaları digər xalqlarla ədəbi əlaqələr çərçivəsində öz təsir gücünü göstərir.
Ölkəmizin qardaş türk xalqları, o cümlədən qonşu ölkələrlə mədəni əlaqəsi ədəbiyyatımızın inkişafı üçün zəmin yaradır. Ədəbiyyatımızın özünün estetik gözəlliyindən başqa dərin idraki əhəmiyyətə malikdir. Bir xalqı başqa xalqa qovuşduran yalnız ictimai-siyasi amillər deyil, eyni zamanda mənəvi amillərdir. Qardaşlıq və doğmalıq mənəvi yaxınlığın nəticəsidir. Xalqlar da, millətlər də, dövlətlər də adi fərd, insanlar kimi tanıdıqca doğmalaşır. Ədəbiyyat da, eləcə də milli ədəbiyyatımız bu mənada xalqımızı tanıdan, onu sevdirən mənəvi idrak vasitəsidir. Bu ədəbi qardaşlığın, əlaqələrin təyininə də yenidən obyektiv baxılmalıdır. Zor gücünə ədəbiyyatımızda rus ədəbi təsirini axtarmaq yox, dünya xalqları ilə qarşılıqlı əlaqələrimiz yenidən araşdırılmalıdır. Həmçinin folklorumuzun geniş coğrafi ərazilər çərçivəsində ümumtürk ədəbi dəyərlər kontekstində toplanması və tədqiqinə ciddi fikir verilməli və araşdırmalar davam etdirilməlidir.
Klassiklərimiz və müasir görkəmli ədəbi simalar tədqiqata cəlb olunduqda onların yaradıcılıqları yaşayıb yaratdıqları dövrün ədəbi metod, cərəyan və istiqamətlər kontekstində ədəbi-bədii fikrin inkişaf tarixini, eləcə də ədəbi-bədii təfəkkürün, bədii üslubların formalaşması və tərəqqisi bir daha öyrənilməli və vacib əhəmiyyətli məsələlər kimi diqqət mərkəzində olmalıdır. Tədqiqata cəlb olunan əsərlərdə poetika məsələlərinə də xüsusi diqqət yetirmək lazımdır.
Ədəbi şəxsiyyətlərin yaradıcılıqlarının mövzu, forma, üslub, janr xüsusiyyətləri ədəbi-bədii təfəkkürün ədəbi dildə təzahürü kimi təhlil olunmalıdır. Bu baxımdan tədqiqata cəlb olunan əsərlərdə sənətçinin poetik qaynaqları, mövzu dairəsi, dil-üslubxüsusiyyətləri, ədəbi-estetik görüşləri müasir metodologiya əsasında ədəbi qaynaqlara söykənilərək linqvistik əsərlərə istinadən və ifrata varmadan aşkarlanmalıdır. Azərbaycanda ədəbi-tarixi prosesin, onun dövrlərinin, klassiklərin, abidələrin elmi araşdırılması bu gün də elmi-tədqiqat problemlərinin əsasını təşkil edir, ədəbiyatımızın ta qədim dövründən bu günümüzə qədər keçdiyi inkişaf yolu həmişə ədəbiyyatşünaslığımızın diqqət mərkəzində dayanmış və dayanmaqdadır. Vaxtilə çap olunan monoqrafiyalar, ədəbiyyat tarixləri, almanaxlar, toplular, dərs vəsaitləri bu tədqiqatların nəticələrinin təzahürüdür.
Ötən dövrlərdə zamanın ədəbi-nəzəri tələb və ölçüləri ilə qələmə alınan bu tədqiqatların bir çoxu bu gün də öz elmi əhəmiyyətini itirməmişdir. Bunlara baxmayaraq, hər yeni dövrdə tarixə, sənət nümunələrinə yeni baxış, əski zamanı çağdaş meyarlarla dəyərləndirmək bütün elmlərin, o cümlədən ədəbiyyatşünaslığın əsas vəzifələrindəndir. Xüsusilə müstəqillik dövründə buna ehtiyac olduqca böyükdür. Ədəbiyyatşünaslığımızın qarşısında duran mühüm vəzifələrdən biri də Cənubi Azərbaycandakı ədəbi prosesi öyrənməkdir. Cənub mövzusunda aparılan tədqiqatlar Şimali Azərbaycandakı ədəbi proseslərlə qarşılıqlı təsir və əlaqə şəklində aparılmaqla Güneydə yaşayan soydaşlarımızın istər nəsr, istərsə də poeziyada demokratik ideyaları ictimai motivlər müqayisə edilməklə araşdırmaların leytmotivini təşkil etməlidir.
Sovet dövründə kommunist ideologiyası ilə layihələnən Cənub mövzusunda dissertasiyalar, ədəbi araşdırmalar, ümumiyyətlə bu mövzudakı araşdırmalar yenidən nəzərdən keçirilməlidir. Məmləkətimizdəki iqtisadi, sosial-mədəni inkişaf sahəsində müəyyən edilən vəzifələr və tədbirlərdən ədəbiyyat kənarda qalmamalıdır. Xalqımızın taleyi, ömür yolu, ideyaları ilə sıx bağlılıq, ölkə həyatında yaxından iştirak etmək ədəbiyyatın əsas vəzifələrindən biridir. Ədəbiyyatın tərkib hissəsi olan uşaq ədəbiyyatı vətənimizdə körpələrdən tutmuş gənclərə qədər, onların tərbiyəsi, formalaşması, bir sözlə, həyatında xüsusi bir sahəni əhatə edir. Bədii nümunələr vasitəsilə uşaq böyük aləmə daxil olur, onun hissləri və dünya199 duyumu formalaşır. Vətən məhəbbəti ilə vətəndaşlıq amalı, ictimai xarakteri yaranır. Kamil, yüksək bədii səviyyəli əsərlər öz gənc oxucusunun qəlbində dərin iz buraxır. İstiqlalımızı, müstəqilliyimizi, həm tarixi, həm müasir həyatımızı tərənnüm edən geniş mündəricəli əsərlər yaranmalıdır.
Eləcə də uşaq ədəbiyyatının yenidən tədqiqinə ehtiyac var. Bu sahədə müəyyən araşdırmalar işıq üzü görüb. Sovet dövrü tədqiqatlarda süni şəkildə Lenin, partiya tərənnümü uşaq toplularının və araşdırmaların leytmotivini təşkiledib. Hazırda milli ruh, demokratik prinsiplər, obyektiv təhlil uşaq ədəbiyyatının tədqiqinin əsasını təşkil etməlidir.
Vüqar Əhməd - filolofiya elmləri doktoru, professor