Moderator.az tanınmış şair-publisist Heydər Oğuzun indicə fikir konveyerindən çıxardığı daha bir möhtəşəm şeiri oxuculara təqdim edir:
Mən arsız bir qonaq, sən ev yiyəsi
...
Sənə beşcə günlük qonağam, guya,
Nədir bu mısmırıq, bu sallaq dodaq?
Üzümə gülmürsən nədən, ey dünya?!
Sizdə qarşılanır beləmi qonaq?
...
Çoxmu yer tuturam geniş qoynunda,
Üzümə baxırsan nə belə tərs-tərs?
Kimlər ki, oturub sənin boynunda,
Onlardan artıqmı alıram nəfəs?
...
Sən dəmi görərək fağırlığımı
Ayağım altından qaçırsan mənim?
Belinmi çəkəmmir ağırlığımı,
Ağır yükmü gəlir sənə bədənim?
...
Məzluma düşmənsən, zülmə aşina,
Şeytanın olmusan yem qarmağında.
Özün fırlanırsan Günün başına,
Bizi fırladırsan öz barmağında?
...
Sanırsan vurğunam çox elə sənə,
Neyləyim, yox özgə gedəsi yerim.
Altına gələcəm ölsəm də yenə,
Üstündə gəzməyə məhrumkən dirim
..
Siam əkizitək bircanıq biz də,
Üstündə beş günlük qonaq olsam da.
Taleylə barışaq, gəl, ikimiz də,
Böyrünə sırınmış yamaq olsam da.
...
Özünü öldürüb çıxsan da aya,
Dəyişə bilmərsən ilahi hökmü.
Mən hətta getsəm də başqa dünyaya,
Sən tək çəkəcəksən mənim yükümü.
...
Mən arsız bir qonaq, sən ev yiyəsi,
Müsafir gəlmişəm beşcə günlüyə.
Bir xortdan deyiləm səni yeyəsi,
Sənə ağır gəlir bu beş gün niyə?
...
Beş günlük qonağam, qəmə nə gərək?
5-dən 3-ü gedib, qalıb ikisi.
Bir tükün qədərdir yediyim çörək,
Onun da azalıb artıq çəkisi.
...
Müsafirsevərlik dediyin bumu,
Beləmi baxılır sizdə qonağa?
Qəhətdir başına çörəkmi, sumu,
Onlarla çəkirsən məni sınağa?