Qara dənizdə pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalan Rusiyanın FESCO şirkətinə məxsus "Yanina" konteyner gəmisi batıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın "Rosatom" Dövlət Korporasiyasının baş direktoru Aleksey Lixaçov məlumat verib.
Onun sözlərinə görə, beynəlxalq sularda hərəkətdə olan gəmi iki PUA-nın hücumuna məruz qalıb. Hadisə nəticəsində gəmidə olan 17 nəfərlik ekipajın hamısı xilas edilib.
Lixaçov bildirib ki, ekipaj üzvlərindən 16-sı hadisə yerindən keçən ticarət gəmisi tərəfindən, sonuncu ekipaj üzvü isə Rusiya Qara dəniz Donanması tərəfindən təxliyə olunub.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyadakı üç neft emalı zavoduna və Rusiya bayrağı altında üzən "Yanina" konteyner gəmisinə zərbələr endirildiyini açıqlamışdı.
Təxminən 140 metr uzunluğa və 13 min ton yükdaşıma qabiliyyətinə malik olan gəmi Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyanın Novorossiysk şəhəri arasında yük daşımaları həyata keçirirdi.
Bizim.Media