Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin bölgədə həyata keçirdiyi hücumlar və ekspansionist siyasətini Suriya üçün ciddi problem kimi qiymətləndirib.
Bizim.Media xəbər verir ki, nazir “Anadolu” agentliyinə müsahibəsində bu barədə danışıb.
Hakan Fidanın sözlərinə görə, bu vəziyyət Türkiyə üçün böyük risk yaradır:
“İsrail İrandan sonra düşmənsiz qala bilməz, müəyyən siyasi ritorika formalaşdırmağa ehtiyac duyur. Təkcə Benyamin Netanyahu hökuməti deyil, müxalifət daxilində də bəzi dairələrin Türkiyəni yeni düşmən kimi təqdim etmək cəhdlərini görürük. Bu yanaşma əvvəlcə İsraildə daxili siyasi ritorika kimi ortaya çıxır, daha sonra dövlət strategiyasına çevrilməyə çalışılır.
Netanyahu dövründə formalaşan bu siyasi xəttin ondan sonra da davam etdirilməsi və dövlətin bütün siyasi institutları tərəfindən qəbul olunması üçün səylərin göstərildiyini müşahidə edirik. Bu yanaşma artıq seçki ritorikasında da öz əksini tapır”.
Fidan, eyni zamanda, Ankaranın İsrailin Suriyadakı "açıq" ambisiyalarına hazırlaşdığını iddia edib və eyni zamanda Yunanıstanla artan əlaqələrini pisləyib.
Bizim.Media