Avropa İttifaqı Ukraynaya vəd etdiyi 90 milyard avroluq krediti Macarıstanda Viktor Orbanın yenidən qalib gələcəyi halda da təqdim edəcək.
Bizim.Media xəbər verir ki, Aİ-nin Kiyevdəki səfiri Katarina Maternovanın sözlərinə görə, bu öhdəlik Avropa Komissiyası və Avropa Şurası rəhbərləri tərəfindən artıq təsdiqlənib və yerinə yetiriləcək.
Maternova bildirib ki, hazırda proses üzv dövlətlərdən birinin bloka salması səbəbindən ləngiyir.
Bununla belə, diplomat vurğulayıb ki, Avropa İttifaqı mürəkkəb vəziyyətlərdən çıxış yolu tapmaqda təcrübəlidir və bu dəfə də həll yolu tapılacaq.
Onun sözlərinə görə, bu, sadəcə bir qədər çox vaxt apara bilər.
Səfir əlavə edib ki, 90 milyard avro həm Ukrayna büdcəsi, həm də ordusu üçün həyati əhəmiyyət daşıyır. O, problemin həlli üçün bir neçə mümkün variantın olduğunu, lakin hansı mexanizmdən istifadə ediləcəyini açıqlamaq istəmədiyini deyib.
Maternova əmin olduğunu bildirib ki, Aİ liderləri bu vəsaitin ayrılmasında qərarlıdır və nəticə mütləq olacaq.
Mövzu ətrafında gərginlik bir neçə aydır davam edir. Reuters-in məlumatına görə, Aİ səfirləri hələ fevralın əvvəlində Ukrayna üçün nəzərdə tutulan 90 milyard avroluq kreditin detalları üzrə razılığa gəliblər. Bu paket 2026-2027-ci illərdə Kiyevin maliyyə ehtiyaclarının böyük hissəsini qarşılamaq üçün nəzərdə tutulub.
Lakin martın sonunda Euronews yazırdı ki, ilk ödənişin həyata keçirilməsi Macarıstanın vetonu qaldırmasından asılı olaraq qalır.
Buna baxmayaraq, Ursula fon der Lyayen daha əvvəl bəyan etmişdi ki, Ukrayna həmin vəsaiti “bu və ya digər şəkildə” alacaq.
Beləliklə, Aİ-nin mövqeyi dəyişməz qalır: Macarıstanın müqaviməti prosesi ləngidə bilər, amma Brüssel 90 milyard avroluq dəstəyin Ukraynaya çatdırılacağına əmin olduğunu açıq şəkildə bildirir.
Bizim.Media