Rəsmi Tehran danışıqların nəticəsiz qalmasına görə məsuliyyəti ABŞ-ın üzərinə qoyub.
Bizim.Media xəbər verir ki, bu barədə Tasnim agentliyi yazıb.
Mənbə qeyd edir ki, tərəflər Vaşinqtonun “həddindən artıq tələbləri və ambisiyaları” səbəbindən razılaşmanın ümumi formatını hazırlaya bilməyiblər.
“İran və ABŞ nümayəndə heyətləri arasında danışıqlar indicə başa çatıb və tərəflər hələlik razılığa gələ bilməyiblər”, - agentlik qeyd edib.
Məlumata görə, məsləhətləşmələr 21 saat davam edib və müxtəlif səviyyələrdə keçirilib. Bildirilir ki, İran nümayəndə heyəti dəfələrlə Vaşinqtona doğru addım atmağa hazır olduğunu nümayiş etdirib və danışıqlarda daha realist yanaşma təklif edib, lakin bu da nəticə verməyib.
Agentlik yazıb ki, ABŞ-la danışıqlardan sonra İran nümayəndə heyəti İslamabadı tərk edib.
Əsas fikir ayrılığı mövzusu kimi İranın nüvə proqramı qalır. ABŞ tərəfi hərbi komponentdən imtina ilə bağlı sərt təminatlar tələb edir. CNN mənbələrinin məlumatına görə, Tehran isə uranın zənginləşdirilməsindən tam imtina etməyə hazır görünmür.
Danışıqların uğursuzluqla nəticələnməsi daha əvvəl elan olunmuş iki həftəlik atəşkəsin gələcək taleyini də sual altına qoyur. ABŞ-ın əsas şərtlərindən biri Hörmüz boğazının açılmasıdır. Dünyadakı neft tədarükünün böyük hissəsi məhz bu marşrutdan keçdiyi üçün razılaşmanın əldə olunmaması qlobal enerji bazarları üçün riskləri saxlayır.
Bizim.Media