“Atəşkəs təşəbbüsü İran hakimiyyəti tərəfindən deyil, ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülüb”.
Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.
Nəşrin məlumatına görə, Tramp administrasiyası bir neçə həftə ərzində qapalı kanallar vasitəsilə atəşkəsə nail olmaq üçün səylər göstərib. Məqsəd İranın Hörmüz boğazına nəzarəti nəticəsində yaranan iqtisadi təzyiqləri azaltmaq olub. Vaşinqton bu prosesdə vasitəçi kimi Pakistanı görürdü.
Məlumata görə, Pakistan ordusunun baş qərargah rəisi Asim Münir İran rəsmiləri, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff, vitse-prezident Cey Di Vens və Trampın özü ilə əlaqə saxlayıb.
Bu təmaslar Trampın İran sivilizasiyasını məhv etməklə hədələməsindən sonra belə davam edib.
“Financal Times” beş mənbəyə istinadən bildirir ki, Tramp hələ martın 21-dən etibarən atəşkəs üçün müraciətlər edib. Həmin tarixdə o, ilk dəfə İranın elektrik stansiyalarına zərbə endirilməsi ilə hədələyib.
Qeyd edək ki, bu məlumatlar Ağ Evin rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir.
Rəsmi açıqlamalarda qeyd olunurdu ki, davamlı bombardmanlar və sərt hədələr zəiflədilmiş İran rejimini danışıqlara məcbur edib. Tramp isə bir neçə həftə əvvəl çıxışında “Onlar razılaşma üçün yalvarırlar, mən yox” ifadəsini işlətmişdi.
Qeyd edək ki, ABŞ və İran arasında sülh danışıqları cümə günü İslamabad şəhərində keçiriləcək.
Lakin İran parlamentinin spikeri Qalibaf artıq bəyan edib ki, ABŞ və İsrail mövcud kövrək atəşkəs razılaşmasını pozub.
Bizim.Media