"Crocus City Hall"da qətliam törədən terrorçular və onları xaricdən idarə edən şəxslər ilkin hədəf olaraq "Moskva Siti" biznes mərkəzinin qüllələrini nəzərdən keçiriblər. Lakin həmin binanın hücum üçün uyğun olmadığı qənaətinə gələn yaraqlılar yekun olaraq Krasnoqorskdakı konsert zalının üzərində dayanıblar.
MÖVZU İLƏ BAĞLI:
Məhkəmədən “Crocus City Hall” terrorunu törədənlərlə bağlı SƏRT QƏRAR
Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Təhlil aparmaq üçün ilk olaraq onlara Moskva şəhərindəki binanın koordinatları təqdim edilsə də, yaraqlılar buranı məqbul saymayıblar. Bunun ardınca kuratorluq edən və hazırda Rusiya hüquq-mühafizə orqanlarından xaricdə gizləndiyi üçün axtarışa verilən Sayfullo adlı şəxs Krasnoqorskda yerləşən "Crocus" konsert zalını hədəf kimi müəyyənləşdirib", - deyə məlumatda deyilir.
Bundan öncə təşkilatçıların paytaxt Moskvada daha bir terror aktı hazırladıqları məlum olmuşdu. Lakin sonradan həmin niyyətdən əl çəkib, bütün yaraqlı qrupunu yalnız "Crocus" mərkəzinə yönləndirməyə qərar veriblər.
İstintaq materiallarına əsasən, xaricdə qərarlaşan və Sayfullo adı ilə tanınan şəxs Moskvada paralel şəkildə iki terror hadisəsi törətmək məqsədilə xüsusi təlim görmüş silahlılar hazırlayırmış. Digər hücumun "Crocus City Hall"dakı qətliamla eyni vaxtda baş verməsi nəzərdə tutulurdu. Plana görə, ikinci hədəfə iki, "Crocus"a isə üç nəfər hücum etməli idi.
İkinci terror aktının dəqiq məkanı və həyata keçirilmə tərzi açıqlanmasa da, TASS-ın öyrəndiyi materiallarda bu hücumun da çoxlu sayda insanın ölümü ilə nəticələnməsinin hədəfləndiyi vurğulanır.
"Crocus City Hall"dakı faciədən bir həftə öncə kurator yaraqlılara məlumat verib ki, əməliyyatda Şamsidin Fariduni, Dalercon Mirzoyev və Saidakrami Racabalizoda ilə yanaşı, əvvəlcə ikinci hücum üçün nəzərdə tutulan Muhammadsobir Fayzov da iştirak edəcək (bu şəxslərin hamısı Rusiyada rəsmən terrorçu kimi tanınıb).
Xatırladaq ki, Moskvaətrafı Krasnoqorskdakı "Crocus City Hall"da terror aktı 2024-cü il martın 22-də baş verib və müasir Rusiya tarixinin ən qanlı terror hadisələrindən biri olub. Silahlı şəxslər əfsanəvi "Piknik" rok qrupunun konsertinə tamaşaçıların toplaşdığı vaxt konsert kompleksinə daxil olublar. Terrorçular tamaşaçılara və işçilərə atəş açıb, daha sonra isə binanı yandırıblar.
Terror aktı nəticəsində 149 nəfər həlak olub, daha 609 nəfər zərərçəkmiş kimi tanınıb. Bir nəfər hələ də itkin düşmüş hesab olunur. Zərərçəkmişlərin sayına görə "Crocus"dakı faciə 2002-ci ildə Dubrovkadakı teatr mərkəzində girov götürülməsi hadisəsi (130 nəfər həlak olub) ilə müqayisə edilə bilər. Ən qanlı terror hadisəsi isə 2004-cü ildə Beslanda baş verib - burada 334 nəfər həlak olub.
İş üzrə məhkəmə baxışı 2025-ci il avqustun 4-də Moskva Şəhər Məhkəməsində start götürüb. Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin apardığı bu mürəkkəb cinayət işi ümumilikdə 427 cildi əhatə edib. 2026-cı il martın 12-də isə İkinci Qərb Dairə Hərbi Məhkəməsi "Crocus City Hall" qətliamını birbaşa həyata keçirən dörd terrorçuya - Şamsidin Fariduni, Dalercon Mirzoyev, Muhammadsobir Fayzov və Saidakrami Racabalizodaya ömürlük azadlıqdan məhrumetmə cəzası kəsib.
Qeyd edək ki, adıçəkilən şəxslərin hər biri Rusiyada terrorçu və ekstremist reyestrinə daxil edilib. (Oxu.az)
Bizim.Media