Moskvanın Şimali Koreya ilə əməkdaşlığı yeni suallar doğurur.
Bizim.Media xəbər verir ki, Rusiya 2025-ci ildə Şimali Koreya vətəndaşlarına 36 mindən çox viza verib.
Rusiya Xarici İşlər Nazirliyinin konsulluq departamentinin məlumatına görə, bu rəqəm əvvəlki illə müqayisədə təxminən dörd dəfə çoxdur. Verilən vizaların böyük əksəriyyəti – 35 849-u – “təhsil məqsədli” kimi rəsmiləşdirilib.
Digər kateqoriyalar üzrə isə 266 humanitar, 72 turistik, 47 işgüzar, 6 şəxsi və 33 xidməti viza verildiyi bildirilir.
Məlumata görə, “təhsil vizası” adı altında əslində Rusiyaya işçi qüvvəsi gətirilir.
Araşdırmalarda qeyd olunur ki, bu şəxslər “təcrübə keçən tələbələr” kimi təqdim edilsə də, faktiki olaraq əmək fəaliyyətinə cəlb olunurlar.
Bu sxem Rusiyaya BMT sanksiyalarını dolayısı ilə aşmağa imkan verir. Çünki həmin sanksiyalar Şimali Koreya vətəndaşlarının xaricdə işə cəlb olunmasını qadağan edir.
Cənubi Koreya kəşfiyyatının məlumatına görə, artıq 2025-ci ilin may ayına qədər Rusiyada təxminən 15 min şimali koreyalı işçi fəaliyyət göstərib və onların əhəmiyyətli hissəsi Uzaq Şərq bölgəsində çalışıb.
Bundan əlavə, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu da bildirib ki, Pxenyan Kursk vilayətinin bərpası üçün təxminən 6 min nəfər göndərməyi planlaşdırır.
Bu kontingentə 5 min hərbi tikinti işçisi və 1000 mina təmizləyən mütəxəssis daxildir.
Bizim.Media