Yunanıstanın Krit adasını bürüyən qırmızı rəng dünya əhalisini həm təəccübləndirib, həm də narahat edib.
“Qan çanağ”ına dönmüş ada Sahara adasından güclü küləklərlə daşınan toz buludu səbəbindən bu vəziyyətə düşüb.
Bu, bəlkə də təbiətin ironiyasıdır, çünki Krit adası tarixən bir çox qanlı döyüşlərə şahidlik edib.
Yerli sakinlər burada tez-tez mistik ilğımların (qəribə formalı, keçmişə dair görüntüləri əks etdirən duman və ya qaz toplusu) göründüyünü deyirlər.
Amma hazırki bu görüntü çox güman ki, toz və ya qum fırtınası nəticəsində yaranıb. Belə hallarda hava qalın toz hissəcikləri ilə dolur və günəş işığı qırmızı-narıncı rəngə boyanır.
Bu hadisə elmi olaraq Toz fırtınası kimi tanınır. Qısa dalğalı işıq (mavi) səpələnir, daha sonra uzun dalğalı işıq (qırmızı) üstünlük təşkil edir. Nəticədə səma və ətraf mühit qırmızı rəng alır.
2022-ci ildə İspaniyanın Madrid şəhəri də Sahara tozları səbəbindən belə qırmızı rəngə bürünmüşdü.
Ürküdücü olsa da orqanizm üçün ciddi təhlükəli deyil, tənəffüs üçün zərərli ola bilər, əsasən də allergiya və astma olanlara təsir edir.
Bəs bir səhər ayılıb Bakını qıpqırmızı görə bilərikmi?
Ekoloq Ənvər Əliyev Bizim.Media-ya açıqlamasında zəif ehtimal olsa da, bunun mümkünlüyünü istisna etməyib:
“Azərbaycanda, xüsusən də Bakı və Abşeronda dəfələrlə toz fırtınası olub. Hətta bəzən toz dumanı qatı-boz rəngdə elə olur ki, göz-gözü görmür. Əsasən Türkmənistandan, Qazaxıstandan gəlir. Amma belə qırmızı səma nəinki Azərbaycanda olmayıb, ümumiyyətlə dünyada nadir hadisədir. Azərbaycana tezliklə keçmə ehtimalı gözlənilmir.
Çünki bizdən qabaq Türkiyə, Ermənistan var. Ancaq istənilən halda ola bilər hava axınları bu toz fırtınasını bizə tərəf gətirsin, ya da əks istiqamətə də gedə bilər. Mürəkkəb məsələdir, hələlik dəqiq fikir söyləmək olmaz”.
Şəfiqə Şəfa, Bizim.Media