Argentina hökuməti İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyıb.
Bizim.Media xəbər verir ki, bu barədə Argentina Prezidenti Xavyer Mileyin ofisi məlumat yayıb.
"Milli hökumət SEPAH-ın terrorçuluq fəaliyyəti və onun maliyyələşdirilməsi ilə əlaqəli fiziki və hüquqi şəxslərin dövlət reyestrinə daxil olunmasını əmr edib. Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi və Dövlət Kəşfiyyat Nazirliyi arasında koordinasiya əsasında qəbul edilən bu qərar, Argentina torpağında terror hücumları da daxil olmaqla, transmilli xarakterli qanunsuz fəaliyyətləri təsdiqləyən rəsmi məlumatlara əsaslanır", - deyə bəyanatda bildirilir.
Bəyanatda SEPAH-ın 1992 və 1994-cü illərdə baş verən partlayışlar da daxil olmaqla, Argentina ərazisində həyata keçirilmiş terror hücumlarında iştirakı iddia edilir.
Tehran isə dəfələrlə İsrail diplomatlarına və siyasətçilərinə qarşı hücumlarda iştirak ittihamlarını rədd edib.
Xatırladaq ki, 1992-ci il martın 17-də Buenos-Ayresdə kamikadze tərəfindən idarə olunan və partlayıcı maddələrlə dolu avtomobil İsrail səfirliyinin binasına çırpılıb. Partlayış nəticəsində İsrailin diplomatik nümayəndəliyinin binası, həmçinin yaxınlıqdakı katolik kilsəsi və məktəb binası dağılıb.
Hücum nəticəsində təxminən 300 nəfər yaralanıb, o cümlədən İsrail səfirliyinin dörd əməkdaşı olmaqla 28 nəfər həyatını itirib. 1994-cü il iyulun 18-də isə Argentinadakı yəhudi mədəniyyət mərkəzinin binası qarşısında törədilən digər terror aktı zamanı 85 nəfər həlak olub. (Oxu.az)
Bizim.Media