İtaliyanın baş naziri Corca Meloni hökumətinin irəli sürdüyü məhkəmə islahatı üzrə referendumda məğlub olduqlarını qəbul edib və kabinetin səlahiyyət müddətinin sonunadək fəaliyyətini davam etdirəcəyini bildirib.
Bizim.Media xəbər verir ki, Reuters-in məlumatına görə, 22–23 mart 2026-cı il tarixlərində keçirilən səsvermədə seçicilərin təxminən 54 faizi islahatın əleyhinə, 46 faizi isə lehinə səs verib.
Meloni sosial şəbəkədə yaydığı açıqlamada bildirib ki, “italiyalılar qərarını verib və biz bu qərara həmişə olduğu kimi hörmət edirik”.
O əlavə edib ki, hökumət İtaliyanı modernləşdirmək üçün bir fürsəti itirdiklərinə görə təəssüflənsə də, ölkənin maraqları naminə işləməyə davam edəcək. Reuters və AP onun istefa vermək niyyətində olmadığını, 2027-ci ilə qədər mandatını başa vurmaq istədiyini yazır.
Səsverməyə çıxarılan məsələ texniki görünsə də, siyasi baxımdan olduqca həssas idi. Referendum Meloni hökumətinin məhkəmə sistemini yenidən qurmaq planını nəzərdə tuturdu: hakimlərlə prokurorların karyera yollarının ayrılması, eləcə də məhkəmə özünüidarə orqanının iki hissəyə bölünməsi və üzvlərin seçilmə qaydasının dəyişdirilməsi təklif edilirdi.
Hökumət bunu məhkəmə sisteminin səmərəliliyini artırmaq addımı kimi təqdim edirdi, tənqidçilər isə bunun məhkəmə müstəqilliyini zəiflədə biləcəyini deyirdilər.
Referendumun nəticəsi Meloni üçün ciddi siyasi zərbə sayılır. Reuters qeyd edir ki, bu məğlubiyyət onun “daim qalib gələn lider” imicinə xələl gətirib və 2027-ci il parlament seçkiləri ərəfəsində müxalifətin əlini gücləndirə bilər.
Eyni zamanda, iştirak səviyyəsi də gözləntilərdən yüksək olub və təxminən 60 faizə yaxınlaşıb.
Bizim.Media