“ABŞ İrana qarşı apardığı müharibədə “çıxılmaz vəziyyət”lə üzləşib”.
Bizim.Media xəbər verir ki, bu barədə Mark Çempionun “Bloomberg” üçün yazdığı məqalədə qeyd edib.
Onun fikrincə, Donald Tramp və Pentaqon rəhbəri Pit Heqset “ideoloji motivasiyalı rəqib”lə qarşıdurmaya “aydın strategiya olmadan” daxil olublar.
Müəllif yazır ki, hazırda ABŞ çıxılmaz vəziyyətə düşüb: İran ciddi itkilər versə də, az sayda pilotsuz uçuş aparatı ilə Hörmüz boğazında vəziyyəti gərginləşdirə və ya Fars körfəzi regionunun enerji infrastrukturuna zərbə endirərək mübarizəni davam etdirə bilir.
Bu isə ABŞ-ın səbrinin və ya raketdən müdafiə imkanlarının tükənməsinə qədər davam edə bilər.
Məqalədə qeyd olunur ki, ABŞ və İsrailin maraqları bu münaqişədə üst-üstə düşmür. İsrail daha çox iqtisadi və insan itkilərinə hazırdır.
Müəllifin fikrincə, İsrail üçün İranın gələcək taleyi və ya neft qiymətlərinin artımı o qədər də həlledici deyil, lakin bu amillər ABŞ və onun Fars körfəzi regionundakı müttəfiqləri, eləcə də Avropa üçün mühüm əhəmiyyət kəsb edir.
Eyni zamanda vurğulanır ki, İsraildə İrana qarşı hücumlar geniş ictimai dəstəyə malik olduğu halda, ABŞ-da əhalinin əksəriyyəti hərbi əməliyyatlara qarşı çıxır və yanacaq qiymətlərinin artması narazılığı artırır.
Mark Çempion hesab edir ki, əsas problem ondan ibarətdir ki, İranın “böyük ağrıyadözüm həddi” var və bu, ABŞ seçiciləri ilə müqayisədə daha yüksəkdir. Bu isə ciddi itkilərə baxmayaraq, Tehrana üstünlük qazandırır.
Müəllifin qənaətinə görə, Donald Tramp hazırda seçim qarşısındadır: ya sürətli qələbəyə ümid edərək münaqişəni davam etdirmək, ya da “nüfuz itirmədən” müharibədən çıxış yolu tapmaq.
Qeyd edək ki, martın 19-da ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard bəyan edib ki, ABŞ və İsrailin İrana qarşı müharibədə məqsədləri fərqlidir. ABŞ Milli Antiterror Mərkəzinin sabiq direktoru Co Kent isə bildirib ki, İsrail Donald Trampın İranla razılaşma əldə edə biləcəyindən ehtiyat edərək buna mane olmağa çalışıb.
Bizim.Media