Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova Ukrayna prezidenti Volodimir Zelenskinin bəyanatlarını tənqid edərək onu Adolf Hitlerlə müqayisə edib.
Bizim.Media xəbər verir ki, bu barədə diplomat TASS agentliyinə açıqlamasında danışıb.
Zaxarova Zelenskinin Krımın Rusiyaya birləşdirilməsini dəstəkləyən şəxsləri “insan olmayan varlıqlar” adlandırmasına reaksiya verib.
“İnsanları ‘insan olmayan varlıqlar’ adlandırmaq klassik neonasist ritorikasıdır”, – deyə o bildirib.
Diplomat qeyd edib ki, bu cür ifadələrdən vaxtilə Adolf Hitler və Üçüncü Reyx dövründə istifadə olunurdu. Onun sözlərinə görə, indi də belə ritorika Kiyevdə səsləndirilir.
Bundan əvvəl Zelenski Politico nəşrinə müsahibəsində 2014-cü ildən əvvəl tanıdığı və Rusiyada işlədiyi şəxslərlə münasibətlərinə dair suala cavab verərkən bildirib ki, Krım ətrafındakı hadisələr həmin insanları dəyişib.
Ukrayna lideri vurğulayıb ki, o, artıq həmin şəxsləri “nə tərəfdaş, nə dost, hətta insan” hesab etmir.
Xatırladaq ki, Rusiya 2014-cü ildə Krımda keçirilmiş referendumdan sonra yarımadanı ərazisi kimi elan edib. Ukrayna hakimiyyəti isə bu nəticələri tanımır və Krımı Ukraynanın ərazisi hesab edir.
Bizim.Media