Azərbaycan adambaşına düşən su istifadəsinə görə dünyada ən çox su işlədən ölkələrdən biridir.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat “world meters” qlobal statistika saytında yer alıb.
Qeyd edilir ki, Azərbaycanda illik su istifadəsi 12.8 milyard kubmetr təşkil edir. Məlumata görə, adambaşına gündəlik 3512 litr su istifadə edilir. Maraqlıdır ki, platformada Azərbaycan əhalisinin sayına nəzər saldıqda rəqəmlərin əvvəlki illərə (2017-2018) aid olduğu görünür.
Bu, həmçinin digər ölkələrə də aiddir. Yəni statistika son bir neçə ilə aid deyil. Bunun da səbəbi odur ki, su statistikasının yenilənməsi gec olur. Bu platforma məlumatları müxtəlif beynəlxalq bazalardan toplayır və təqdim edir.
Adambaşına düşən göstəricinin yüksək olmasının əsas səbəbi suyun çox hissəsinin kənd təsərrüfatında istifadə olunması, köhnə suvarma sistemləri (kanal və açıq suvarma), su itkisinin çox olması pambıq, taxıl və digər su tələb edən bitkilərin əkilməsi ilə əlaqələndirilir.
Cənubi Qafqaz və Mərkəzi Asiyada bir çox ölkədə suvarma sistemi sovet dövründən qalma olduğuna görə adambaşına su istifadəsi çox yüksək görünür. Statistik olaraq isə dünyada ən çox su işlədən ölkələr Hindistan, Çin və ABŞ-dir. Bunun səbəbi isə sözügedən ölkələrin əhalisinin sayının çox olması ilə bağlıdır.
Azərbaycan adambaşına su istifadəsinə görə yüksək yerlərdə olsa da, ümumi su istifadəsinə görə dünya liderlərindən deyil. Ölkəmiz dünyada adambaşına düşən su istifadəsinə görə, 181 ölkə arasında 40-cı yerdə qərarlaşıb. (Mənbə: ölkə.az)

Bizim.Media