Avstraliya İran qadın futbol komandasının daha iki üzvünə humanitar viza verib.
Bizim.Media xəbər verur ki, bununla da ölkədə sığınacaq alan iranlı futbolçuların sayı yeddiyə çatıb.
Məlumata görə, qərar futbolçuların İrana qayıdacağı təqdirdə təhlükəsizlikləri ilə bağlı narahatlıqlar fonunda qəbul edilib.
Qeyd edək ki, komandanın üzvləri turnir zamanı milli himni oxumadıqları üçün ölkələrində tənqid hədəfinə çevrilmişdilər.
Avstraliyanın daxili işlər naziri Toni Börk bildirib ki, daha iki nəfər - bir futbolçu və komandanın dəstək heyətinin üzvü sığınacaq istəyərək, Avstraliyada qalmaq qərarına gəlib. Onlar artıq daha əvvəl humanitar viza alan beş komanda üzvünə qoşulublar.
Nazirin sözlərinə görə, sığınacaq istəyən şəxslər Sidney hava limanında Avstraliya rəsmiləri və tərcüməçilər tərəfindən ayrı-ayrılıqda dindirilib və qərarı heç bir təzyiq olmadan vermək imkanı əldə ediblər.
Börk qeyd edib ki, yeddi komanda üzvünə verilən müvəqqəti humanitar vizalar gələcəkdə Avstraliyada daimi yaşayış üçün imkan yarada bilər.
Komandanın digər üzvlərinin isə Malayziyaya çatdığı bildirilir. İran diasporu həmin futbolçulara mümkün qədər dəstək göstərməyə çalışır və onların İrana qayıtmaması üçün çağırışlar edir.

Bizim.Media