ABŞ prezidenti Donald Trampın İranın əsas neft ixrac mərkəzlərindən biri olan Xarg adası ilə bağlı mümkün hərbi planı nəzərdən keçirdiyi iddia olunur. Ekspertlərin fikrincə, bu addım İran iqtisadiyyatına ciddi zərbə vura bilər.
Bizim.Media xəbər verir ki, Basra körfəzində yerləşən Xarg adası İranın xam neft ixracının təxminən 90 faizinin həyata keçirildiyi əsas enerji mərkəzi hesab olunur.
ABŞ administrasiyasının bu strateji nöqtəyə yönəlmiş mümkün əməliyyatı gündəmdə saxladığı bildirilir.
Enerji mütəxəssislərinin sözlərinə görə, Xarg adasının nəzarətə götürülməsi İranın neft gəlirlərinə ciddi təsir göstərə bilər. Çünki ölkənin neft ixracının böyük hissəsi məhz bu ada üzərindən həyata keçirilir.
Strateji mövqeyinə görə Xarg adası İran neft tankerlərinin yükləndiyi əsas terminal sayılır. Buna görə də adaya qarşı mümkün hərbi əməliyyat təkcə İranın enerji ixracına deyil, həm də qlobal neft bazarına təsir göstərə bilər.
ABŞ-İsrail və İran arasında gərginliyin artdığı bir vaxtda Vaşinqtonun bu planı Yaxın Şərqdəki güc balansını dəyişə biləcək yeni addım kimi qiymətləndirilir. Enerji bazarları və beynəlxalq diplomatik dairələr hadisələrin inkişafını diqqətlə izləyir.
Bizim.Media