Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib ki, Rusiyanın NATO ölkələri ilə qonşuluğu daimi təhlükə yaradır.
Bizim.Media xəbər verir ki, o, bu açıqlamanı Sverdlovsk vilayətinə işgüzar səfəri zamanı verib.
Medvedevin sözlərinə görə, əgər Rusiya ilə ərazi mübahisələri olan və Moskvaya qarşı qeyri-dost münasibət sərgiləyən dövlətlər NATO-ya üzvdürsə, bu, sistemli şəkildə birbaşa hərbi toqquşma riskini artırır.
“Biz ölkəmizin yaxınlığında bizə dost olmayan və üstəlik, məsələn, Şimali Atlantika Alyansına – yəni NATO-ya daxil olan dövlətlərin yerləşməsi ilə barışa bilmərik. Təhlükə daimi olacaq”, – deyə o vurğulayıb.
Medvedev əlavə edib ki, belə şəraitdə NATO ilə sərhəddə təhlükənin qarşısını almaq üçün “xüsusi hərbi əməliyyatın” məqsədlərinə nail olunmalıdır. Onun fikrincə, yalnız bu halda hərbi münaqişələrin qarşısını almaq mümkündür.
Bundan əvvəl Estoniyanın xarici işlər naziri Margus Tsahkna Tallinin NATO qərar verəcəyi təqdirdə öz ərazisində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirmişdi. O, respublikanın alyansın müdafiə planlarına uyğun olaraq bu istiqamətdə doktrinal məhdudiyyətlərinin olmadığını vurğulamışdı.
Rusiya xarici işlər nazirinin müavini Alexander Qruşko isə Moskva ilə NATO arasında faktiki olaraq heç bir qarşılıqlı əlaqənin olmadığını bildirib və alyans sənədlərində Rusiyanın “birbaşa təhdid” kimi göstərildiyini qeyd edib.
Bizim.Media