ABŞ Prezidenti Donald Tramp İrana mümkün hərbi zərbələrin vaxtını müzakirə edib və bunun artıq bu həftəsonu baş verə biləcəyi variantı da nəzərdən keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən yazıb.
Belə ki, çərşənbə günü yüksək vəzifəli milli təhlükəsizlik rəsmiləri Trampa məlumat veriblər ki, ABŞ hərbi qüvvələri artıq şənbə günü potensial zərbələrə hazırdır.
Bununla belə, mümkün əməliyyatın vaxtı böyük ehtimalla bu həftəsonundan sonraya qala bilər. Mənbələrin sözlərinə görə, Tramp hələlik zərbə endirilib-endirilməməsi ilə bağlı yekun qərar qəbul etməyib.
CNN-ə danışan mənbələrdən biri bildirib ki, Tramp qapalı müzakirələrdə həm hərbi əməliyyatların tərəfdarı, həm də əleyhdarı kimi mövqe bildirib və məsləhətçilərindən, eləcə də müttəfiqlərindən hansı kursun daha məqsədəuyğun olacağı barədə rəy alıb.
“Bu məsələ üzərində Tramp çox düşünür”, – deyə mənbə əlavə edib.
Bizim.Media