Kolumbiyanın Tunxa şəhərinin meri, əslən Rusiyanın Saratov şəhərindən olan Mixail Krasnov Boyaka departamentinin qubernatoru seçkilərində iştirak etməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bbarədə Mash Telegram kanalı məlumat yayıb.
Qeyd olunur ki, Kolumbiyanın mərkəzində yerləşən Boyaka regionunda təxminən 1,3 milyon nəfər yaşayır. Tunxa isə departamentin inzibati mərkəzidir.
Məlumata görə, Krasnov yaxın planları arasında dünya turuna çıxmağı nəzərdə tutur. O, ikinci dəfə mer vəzifəsinə namizədliyini irəli sürməyi planlaşdırmır.
Sentyabr ayında Krasnov “Gazeta.ru”ya açıqlamasında bildirmişdi ki, yerli prokurorluq onu vəzifədən uzaqlaşdırmaq məqsədilə barəsində “çoxsaylı işlər” açıb. O qeyd edib ki, əgər Rusiyada idarəçi kimi dəvət alsa, geri qayıtmağa hazırdır. Bundan əvvəl isə Krasnovun müəllimlik fəaliyyəti ilə bağlı Tunxa meri vəzifəsindən kənarlaşdırıldığı məlum olmuşdu.
2023-cü ilin oktyabrında Mixail Krasnov Tunxa şəhərinin meri seçkilərində 32 faiz səs toplayaraq qalib gəlib. O, jurnalistlərə bildirib ki, əvvəlki merdən 93 milyard peso məbləğində borc miras alıb. Krasnov regiona beynəlxalq investisiyaların, o cümlədən Rusiya sərmayəsinin cəlb ediləcəyini vəd edib.
Mixail Krasnov Saratovda anadan olub, təxminən on ildir Kolumbiyada yaşayır və bu ölkənin vətəndaşlığına malikdir.
Bizim.Media