Hər il fevralın 14-ü dünyanın əksər ölkələrində “Sevənlər günü” kimi qeyd olunur. Bu gün sevənlər bir-birlərinə olan sevgi duyğularını hədiyyələrlə bildirirlər.
Xristian ölkələrində açıqcalar, çiçəklər və ya şokolad qutuları və məhəbbət mesajları ilə sevgilərini izhar edirlər. Amma müsəlmanların daha çox yaşadığı şərqdə bahalı hədiyyələrə üstünlük verilir. Göründüyü kimi, keşişin sayəsində daha çox müsəlmanlar pul qazanırlar.
Qeyd edək ki, sevgililər XIX əsrə qədər öz əlləri ilə açıqca hazırlayır, qadınlar qırmızı rəngdə şarf ya əlçək toxuyur, kişilər isə qırmızı qutulu şokoladlar alırmış. Yalnız XIX əsrdən işbazlar vəziyyəti pula çevirmək qərarına gəlirlər. Fabriklərə açıqça çapına imkan verən aparatlar gətirilir. 1916-cı ildə "Hallmark Cards of Kansas City, Missouri" şirkəti "Valentin açıqcalarının" kütləvi istehsalı ilə bütün dünyada bu bayramın mahiyyətini dəyişib.
ABŞ-nin Milli Pərakəndə Satış Federasiyasının keçirdiyi sorğuya görə bu il Valentin gününün hədiyyələrinə və təbrik açıqçalarına 18,9 milyard dollar xərclənəcək.
1990-cı illərin ortalarından Azərbaycanda qeyd olunmağa başlayan Valentin günü bir qrup insan tərəfindən qəbul edilməsə də, əslində ticarətçilər üçün əvəzolunmaz bayramdır. Bu günü 8 Martla qarışdırıb qarşılıqsız hədiyyə gözləyən xanımlar isə saya gəlmir. Xüsusən də gül salonları, yumşaq oyuncaq və zərgərlik dükanları əsasən kişi müştəriləri ilə aşıb-daşır. Bir gün sonra səhərə xoşbəxt ayılanlar da olur, küsülü qalanlar da…
Bəs tacirlərin və ağbəxt qadınların daha çox faydalandığı bu bayramın kökləri hara bağlanır?
Əslində Valentin günü Roma imperiyasında üç gün qeyd edilən Luperkaliya bayramından qaynaqlanan çox qədim ənənədir. Münbitlik və məhsuldarlıq tanrısına həsr olunmuş bu bayram fevralın ortalarına təsadüf edərdi və rəsmən baharın başlanğıcı sayılırdı. Sevgi ilə əlaqəsi odur ki, məhsuldarlıq bol olan illərdə məhz bu dövrlərdə gənclər evlənməyə üstünlük verirdi. Bu bayramda oğlanlar qırmızı qutudan qızların adlarını çıxarardılar. Beləliklə, bayram günlərində oğlan bəxtinə “qutudan çıxmış qız” ilə evlənərdi.
Xristianlığın gəlişi ilə kilsə bütpərəst bayramı ləğv edib.
Sonrakı illərdə imperator II Klavdius döyüşçü kişilərə nikahı qadağan edibmiş, çünki evli kişilər yaxşı döyüşçü ola bilmirdilər, ailə nigarançılığı onların fikrini yayındırırdı. Həmin vaxt keşiş Valentin isə belə düşünürdü ki, nikah Allahın insanlıq üçün yaratdığı bir nemətdir. Buna görə də o, döyüşçülərin nikahını gizli kəsirdi.
İmperator bundan xəbər tutanda, Valentin həbs edilir və edam cəzası verilir.
Edama qədər ac saxlanılan keşişə yazığı gəldiyi üçün zindan nəzarətçisinin qızı ona gizlincə yemək gətirirmiş. Atası bundan xəbər tutur, amma gözünün ağı-qarası bircə qızına qıymır və onun da cavan keşişi sevdiyini anlayır. Hətta edamdan bir gün öncə, yəni fevralın 14-də sevgisini etitaf etdiyi, üstündə "Sənin Valentinin" yazılmış təsirli məktubunu məhz nəzarətçi olan atası qızına gətirib verir.
İllər, hətta əsrlər sonra da 14 fevralda yazılan sevgi məktubları və mesajları məhz bu məktubdan qaynaqlanır.
Şəfiqə Şəfa, Bizim.Media