ABŞ-ın sabiq prezidenti Bill Klinton və keçmiş dövlət katibi Hillari Klinton Nümayəndələr Palatasının Nəzarət Komitəsində Ceffri Epşteyn işi üzrə aparılan araşdırma çərçivəsində ifadə verməyə razılıq veriblər.
Bizim.Media xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, Klintonlar Konqresə hörmətsizliklə bağlı səsverməyə bir neçə gün qalmış respublikaçıların tələblərinə güzəştə gediblər.
Qeyd edək ki, bundan əvvəl cütlük bir neçə ay ərzində komitə sədri Ceyms Komerin göndərdiyi çağırışlara əməl etməkdən imtina edərək araşdırmanı siyasi motivli adlandırmışdı. Mövqenin dəyişdirilməsi qərarı komitədəki bəzi demokratların respublikaçılarla birlikdə Klintonların əməkdaşlıqdan imtina etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmasını dəstəkləməsindən sonra verilib.
Bill Klintonun qanunverici orqan qarşısında ifadə verməsi demək olar ki, yeni presedent olacaq: ABŞ-ın keçmiş prezidentləri 1983-cü ildən bəri Konqresdə ifadə verməyiblər.
Komitə diqqəti yüksək vəzifəli demokratların maliyyəçi Ceffri Epşteyn və onun yaxın silahdaşı Gisleyn Maksvellə əlaqələrinə yönəltməyi planlaşdırır. Vəkillərin dindirilmə müddətinin dörd saatla məhdudlaşdırılması təklifinə baxmayaraq, komitə sədri bu tələbi yetərli hesab etməyərək rədd edib.
Qeyd edək ki, Ceffri Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Prokurorluq 2002–2005-ci illərdə onun Manhettendəki evinə onlarla azyaşlı qızın gətirildiyini göstərən sübutların olduğunu bildirib. Epşteynin tanışları arasında təkcə ABŞ-dan deyil, bir çox digər ölkələrdən (o cümlədən keçmiş dövlət başçıları), iri sahibkarlar və şou-biznes ulduzları da olub.
Bizim.Media