ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff ötən həftəsonu sürgündə yaşayan İranın keçmiş vəliəhdi Rza Pəhləvi ilə gizli görüş keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Axios nəşri yüksək vəzifəli amerikalı məmura istinadən yazıb.
Nəşr qeyd edir ki, bu, İranda kütləvi etirazlar başlayandan sonra İran müxalifəti ilə ABŞ prezidenti Donald Trampın administrasiyası arasında bu səviyyədə baş tutan ilk təmasdır. Görüşün detalları açıqlanmır.
Rza Pəhləvi 1979-cu ildə İslam inqilabı zamanı devrilmiş İran şahının oğludur. Hazırda ABŞ-da yaşayır və müxalifətin fraksiyalarından birinə rəhbərlik edir. O, Tehranda mövcud rejim devriləcəyi təqdirdə özünü “keçid dövrünün” lideri kimi təqdim etməyə çalışır.
Çərşənbə axşamı səhər Ağ Evin milli təhlükəsizlik üzrə komandası İrandakı hadisələrə mümkün reaksiyalarla bağlı ayrıca iclas keçirib. Prezident Tramp bu toplantıda iştirak etməyib. Axios mənbələrinin bildirdiyinə görə, administrasiya daxilində müzakirələr hələ ilkin mərhələdədir.
Vəziyyətlə birbaşa tanış olan mənbənin sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubio qapalı görüşlərdə bildirib ki, hazırkı mərhələdə administrasiya etirazçılara dəstək üçün qeyri-kinetik (hərbi olmayan) vasitələrdən istifadəyə meyllidir.
İranda kütləvi etirazlar 28 dekabr 2025-ci ildə dərin iqtisadi böhran, milli valyutanın kəskin dəyərdən düşməsi və inflyasiyanın artması fonunda başlayıb. İnternet blokadaları tətbiq olunana qədər nümayişlərin ölkə üzrə təxminən 120 şəhəri əhatə etdiyi bildirilirdi.
İran hakimiyyəti etirazları, o cümlədən silahdan istifadə etməklə, sərt şəkildə yatırmağa çalışır. Hüquq-müdafiə təşkilatlarının məlumatına görə, nümayişlərin dağıdılması nəticəsində 600-dən çox insan həlak olub.
Reuters agentliyi isə adının açıqlanmasını istəməyən rəsmi şəxsə istinadən ölənlərin sayının təxminən 2000 nəfər olduğunu bildirib. Müxtəlif qiymətləndirmələrə görə, saxlanılanların sayı 10 mindən artıqdır.
Xatırladaq ki, dünən ABŞ prezidenti Donald Tramp iranlıları etirazları davam etdirməyə çağırıb və yardımın artıq yolda olduğunu bəyan edib. Lakin Ağ Ev rəhbəri hansı addımları atmağı planlaşdırdığı barədə detallı məlumat verməyib.
Eyni zamanda iranlı rəsmi Reuters-ə açıqlamasında etirazlar zamanı təxminən 2000 nəfərin öldüyünü bildirib. Bu, ölkə hakimiyyətinin iki həftəlik genişmiqyaslı iğtişaşlar zamanı repressiyalar nəticəsində baş verən yüksək sayda itkiləri ilk dəfə açıq şəkildə etiraf etməsi kimi qiymətləndirilir.
Bizim.Media