Türkiyənin daxili işlər nazirliyi Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə əlaqənin itirildiyini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında yazıb.
“Bu gün saat 20:10-da (Bakı vaxtı ilə 21:10) Ankara Esenboğa hava limanından Tripoli istiqamətində 9H-DFJ bort nömrəli Falcon 50 biznes-ceti havaya qalxıb. Lakin saat 20:52-yə (Bakı vaxtı ilə 21:52) olan məlumata görə, təyyarə ilə əlaqə kəsilib.
Həmin hava gəmisindən Haymana rayonu ərazisində məcburi enişlə bağlı məlumat daxil olub, bundan sonra isə təyyarə ilə təkrar əlaqə yaratmaq mümkün olmayıb.
Təyyarənin göyərtəsində beş sərnişin olub, onların arasında Liviyanın Baş Qərargah rəisi, ordu generalı Məhəmməd Əli Əhməd əl-Həddad da var idi.
Hadisələrin sonrakı inkişafı barədə ictimaiyyətə məlumat veriləcək”, — deyə Yerlikaya qeyd edib.

Bizim.Media