ABŞ-ın müharibə naziri Pit Heqset Venesuelada “Cənub nizəsi” adlı əməliyyatın başlandığını elan edib.
Bizim.Media xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında məlumat verib.
Nazir bildirib ki, Prezident Donald Trampın göstərişi ilə tədbirlər görülməyə başlayıb və Müdafiə Nazirliyi tapşırığı icra edir:
“Bu gün mən “Cənub nizəsi” əməliyyatını elan edirəm. Birləşmiş ‘Cənub nizəsi’ Əməliyyat Qrupu və Cənub Komandanlığının rəhbərliyi altında bu missiya vətənimizi qorumağı, narkoterrorçu qrupları yarımkürəmizdən təmizləməyi və xalqımızı öldürən narkotiklərin ölkəmizə daxil olmasının qarşısını almağı hədəfləyir. Qərb yarımkürəsi Amerikanın bölgəsidir və biz onu müdafiə edəcəyik”, – Heqset qeyd edib.
Xatırladaq ki, son həftələrdə ABŞ donanması Karib dənizində aktivliyini artırıb, bölgəyə yeddi hərbi gəmi, o cümlədən idarəolunan raketlərlə təchiz edilmiş esmines göndərilib. Bundan əlavə, ABŞ ordusu tərəfindən narkotik daşıyan gəmilərə mütəmadi olaraq raket zərbələri endirilir.

Bizim.Media