Bizim.Media məlumat verir ki, keçmiş ABŞ prezidenti Donald Trampın oğlu Donald Tramp Jr. və qızı İvanka Tramp yaxın günlərdə məhkəmədə ifadə verəcək.
Nyu-York Baş Prokurorluğundan verilən məlumatda Trampın mülklərini idarə edən övladlarının sözügedən mülklərin dəyərlərini manipulyasiya edib-etmədiklərini müəyyən etmək məqsədilə ifadələrinin alınacağı bildirilib.
Oğul Tramp və İvanka Tramp isə məhkəmənin tələbi ilə bağlı hələlik heç bir açıqlama verməyiblər.
Qeyd edək ki, ailə şirkəti olan “Trump Organization”da icraçı vəzifədə çalışan Trampın digər oğlu Erik Tramp da əvvəllər məsələ ilə bağlı məhkəməyə çağırılıb və 2020-ci ilin sonunda ifadəsi alınıb.
Baş Prokurorluq bundan əvvəl ifadə vermək üçün Donald Trampın özünü də məhkəməyə çağırıb və ona yanvarın 7-nə qədər vaxt verildiyini bildirib.
Trampın vəkilləri isə çağırış vərəqəsinin ləğvi üçün hərəkətə keçəcəkləri barədə açıqlama veriblər.
Bizim.Media