İsrailin keçmiş ədliyyə naziri Ayalet Şakedin baş nazir Benyamin Netanyahu haqqında fikirlərini ifadə etdiyi səs yazısı ölkə gündəmində şok effekti yaradıb.
Bizim.Media xəbər verir ki, İsraildə koalisiya hökuməti qurmaq üçün Netanyahunun müraciət etdiyi Yamina-Sağ partiyasının liderlərindən olan Ayalet Şakedin mediaya sızdırılan səs yazısında baş nazir və həyat yoldaşı barəsində sərt fikirləri yer alıb.
Səs yazısında Şakedin “İqtidarda qalmaq istəyir. Onda (Netanyahu) və arvadında (Sara) böyük güc arzusu var. Sanki diktatordular. Kənara çəkilməyə hazır deyillər. Lakin biz elə deyilik. Netanyahunun getməsi artıq çox vacibdir” kimi fikirləri qeyd olunub.
Xatırladaq ki, Benyamin Netanyahu 2009-cu ildən bəri İsrailin Baş Naziri vəzifəsini icra etməkdədir.
Lakin 6 apreldə yeni koalisiya hökuməti qurmaq üçün baş nazirə verilən vaxt mayın 4-də sona çatıb. Netanyahu koalisiya hökuməti qurmaqda uğursuzluğa düçar olub.
Murad Əhmədov, Bizim.Media