Bu gün məşhur qitara ustası, Xalq artisti Rəmişin ölüm xəbəri yayılıb.
Lakin daha sonra musiqiçinin həyat yoldaşı Gülü açıqlama verərək xəbəri təkzib edib.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Xalq artisti Cavan Zeynallı bu cür xəbərlərin onun haqqında dəfələrlə yayıldığını deyib:
“Bir il bundan əvvəl saytlar mənim də ölüm xəbərimi yaymışdılar. Bunlarda hər gün bir məşhuru öldürmək adət halına keçib. Axı bu cür xəbərləri yaymaqla əlinizə nə keçir?”,- deyə o, bildirib.
Xalq artisti səhər Rəmişin ölüm xəbərini eşitdikdə çox məyus olduğunu vurğulayıb. O, reytinq xatirinə insanların bu cür hissləri ilə oynamağın doğru olmadığını bildirib.
“Bu gün səhər Rəmişin ölüm xəbərini eşidəndə çox pis oldum. Artıq insanlar sosial şəbəkələrdə ona rəhmət də oxuyub. Sonradan mənə zəng vurub, xəbərin yalan olduğunu bildirdilər. Allah Rəmişə şəfa versin”.
Aliyə İlyas, Bizim.Media