Son vaxtlar ANS telekanalında gedən süjetlər və reportajlarda dilimizlə bağlı müxtəlif məsələlərə toxunulur. Elə burdaca ANS telekanalının bu işini təqdir etdiyimi və yüksək dəyərləndirdiyimi bildirməklə yanaşı bir neçə fikir və təklifimi də dəyərli KİV mənsublarımıza və yurddaşlarımıza çatdırmaq istəyirəm.
1. Düşünürəm ki, ANS kanalının rəhbərliyi mövzunun aktuallığını və cəmiyyətdə maraqla qarşılanmasını nəzərə alaraq dilimizilə bağlı dilçilərin, ədəbiyyatçıların, tarixçilərin, siyasətçilərin, elm, təhsil, mədəniyyət və iş adamlarının, eləcə də KİV nümayəndələrinin də iştirakını təmin edərək ciddi efir vaxtı ayırmaqla ayrıca və davamlı verilişlər təşkil etsə kanal üçün də, dilimiz üçün də çox yararlı olar.
2. Təklif edirəm ki, bütün telekanallarımız da dilimizlə bağlı sorunların çoxluğunu və böyüklüyünü, eyni zamanda cəmiyyətdə bu mövzuya marağın yüksək olduğunu nəzərə alaraq ayrıca və davamlı verilişlər hazırlayıb yayımlasın.
Sorula bilər ki, niyə?
Bu niyə sualının cavabı o qədər çoxdur ki, saymaqla qurtarmaz. Öncə onu deyim ki, ANS telekanalının işini nə qədər yüksək qiymətləndirsək də bilməliyik ki, 3-5 dəqiqəlik süjetlərin dilimizin ağır yaralarına dərman olması mümkün deyil. Digər tərəfdən, həm elm və texnikanın sürətli inkişafının, həm kürəsəlləşmənin, həm də elektron vasitələrin geniş yayılmasının nəticəsində dilimiz tarixində olmadığı qədər kirlənmiş, eyni zamanda sıradan çıxma həddində çox ağır basqı altındadır. Bütün bunlara qarşı durmağın yeganə şərti milli təfəkkür və dövlətçilik hissinin güclü olmasıdır ki, bu sahədə də durum olduqca üzücü və narahatedicidir.
Bəlkə də dərd yalnız dilimizə demək olar ki, hər gün çoxlu sayda yabançı sözlərin gəlməsi ilə bitsəydi bir belə narahat olmayıb müxtəlif sahələrdə çalışan mütəxəssislərimizin bu sözlərin ya qarşılığını tapacaqlarını, ya da dilimizə uyğunlaşdıracaqlarını düşünərdik. Amma dərd ondadır ki, dilimizin korlanması yabaçı sözlərin dilimizə necə gəldi daxil edilməsi ilə yanaşı hər gün efirdə danışan, müxtəlif KİV-lərdə və tədbirlərdə çıxış edən tanınmış yurddaşlarımızın dilimizə münasibətindədir. Bir də bu tanınmış insanlar hökumət üzvləri, yüksək səviyyəli məmurlar, siyasətçilər, jurnalistlər, elm və təhsil işçiləri olanda vəziyyət daha da dözülməz olur. Onlarla tanınmış yurddaşımız var ki, dilimizi ya bilmir, ya da dilimizdə danışmaq istəmir. Yaxud hökumətin elə üzvləri varki, yabançı dillərdə sərbəst danışdıqları halda 15-20 ildi hökumət üzvü olsalar da demək olar ki, dövlət dilində normal danışa bilmir, öz fikirlərini doğru-dürüst ifadə etməkdə çətinlik çəkir. Ya da məmurların, siyasətçilərin, elm və təhsil adamlarının mütləq əksəriyyəti ədəbi dil bir yana, hətta dilimizin adi qaydalarına uyğun danışa bilmir.
Baxın ki, bir nəfər cəsarətli dilçi çıxmır ki, on illərdi dilimizin əsas qanununu-ahəng qanununu pozan heç bir istisnanın olmadığını, bu “istisna”x9d sözlərin dilimizin qaydalarını pozmaq üçün təhrif olunduğunu desin, yazsın və əsaslandırıb ortaya qoysun. Ən acınacaqlı hallardan biri də odur ki, istər siyasətdə, iqtisadiyyatda, hüquqda, hərbi sahədə, istər electron vasitələrdə və KİV-də, istər elmin müxtəlif sahələrində, istər din və ibadətdə, istərsədə təhsildə, bir sözlə heç bir sahədə dilimizin imkanlarından istifadə edərək yeni sözlərin yaradılması və ya alınma sözlərin qarşılığının tapılması ilə məşğul olan sahə, şöbə, ya da mütəxəssislər yoxdur, yabançı dillərdən alınan sözləri kim necə gəldi işlədir. Mən hələ dilimizi və dövlətçiliyimizi tam mənasında aşağılayan, hörmətdən salan reklam və bildiriş lövhələrini, müxtəlif təyinatlı obyektlərin adlarını demirəm. Bütün bunlara görə tam qətiyyətlə qeyd edmək istəyirəm ki, ANS telekanalının başladığı bu işi dərinləşdirərək və genişləndirərək davam etməsinin, eyni zamanda digər telekanallarımızın da bu təşəbbüsə qoşulmasının dilimiz üçün də, dövlətçiliyimiz üçün də, elə həmin telekanalların özü üçün də çox gərəkli və yararlı olacaq.
Bünyamin Qəmbərli
BAXCP Təşkilat katibi