Havanın temperaturunun 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan iş yerlərində işlər dayandırılmalıdır.
Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib.
Bildirilib ki, işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlərin görülməsi işəgötürənlərin əsas vəzifələrindən biridir.
Qeyd olunub ki, Əmək Məcəlləsinə əsasən, havanın temperaturu 41 dərəcə selsidən çox olduqda açıq havada və sərinləşdirici qurğular olmayan iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.
İşçilərə sərinləmək üçün fasilələr verilməli, bu fasilələrin sayı və müddəti işəgötürənlə həmkarlar ittifaqı təşkilatının birgə qərarı ilə müəyyən edilməlidir. Həmin fasilələr iş vaxtına daxil edilir və bu müddətdə əmək haqqı işçilərin tarif maaşı üzrə tam ödənilir.
Xidmət vurğulayıb ki, iş dayandırıldığı halda boşdayanma vaxtının haqqı işçinin təqsiri olmadan yaranmış boşdayanma kimi hesablanmalı və tarif maaşının üçdə iki hissəsindən az olmamaq şərti ilə ödənilməlidir.
Həmçinin qeyd edilib ki, əmək şəraiti imkan verdiyi hallarda günün ən isti saatlarında iş dayandırılaraq uzun fasilə verilə, iş günü isə hissələrə bölünməklə tənzimlənə bilər.
Bizim.Media